İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev isə Azərbaycanın bu istiqamətdə dəstəyinin davam edəcəyini vurğulayıb və yaxın zamanda növbəti humanitar yardımın göndəriləcəyini qeyd edib.
Politoloq Turan Rzayevin sözlərinə görə, dövlət başçısı İranda yaranmış gərgin vəziyyətdən narahatlığını ifadə edib, həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev qarşıdurmanın qısa zamanda sona çatacağına ümid etdiyini də bildirib.
Ekspert hesab edir ki, Pezeşkian - Əliyev təmaslarının davamlı olması vacibdir. Onun fikrincə, bölgədə müharibə davam edir və nəticələri hələ qeyri-müəyyəndir. Xüsusilə Bakı və Ankaranın prosesə cəlb olunmağa çalışılması risk yaradan amillərdən biridir. İrandan Türkiyəyə atıldığı iddia edilən ballistik raketlər də bu ehtimalları gücləndirir.
Bununla belə, həm Azərbaycan, həm də Türkiyə mövcud vəziyyətə təmkinli və praqmatik yanaşma nümayiş etdirir. Politoloq qeyd edir ki, Bakı müəyyən mənada Ankaranın mövqeyinin balanslaşdırılmasında rol oynaya bilər. Belə bir dövrdə liderlər arasında birbaşa telefon danışıqlarının aparılması, real vəziyyətin müzakirəsi və mümkün təxribatların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır:
"Məsud Pezeşkianın həm Bakı, həm də Ankara üçün önəmli fiqur olduğu vurğulanır. Hər iki ölkə İrana qarşı hücumları dəstəkləmir və İranda yaranacaq xaosun region üçün risklər doğuracağını anlayır. Digər tərəfdən, Azərbaycan və Türkiyənin ABŞ ilə münasibətlərinin yaxşı olması da geosiyasi balansın qorunmasında rol oynayan faktorlardan biridir.
Nəticə etibarilə, Azərbaycanın İrana göstərdiyi humanitar yardım yalnız dəstək addımı deyil, həm də Naxçıvan istiqamətində yaşanan gərginlikdən sonra münasibətlərin yumşaldılması və mümkün təxribatlara qarşı praqmatik mövqenin nümayişidir. Prezidentlər arasında telefon danışığı isə diplomatik kanalların açıq saxlanılması və paralel olaraq pərdəarxası danışıqlar üçün əlavə imkanların yaradılması baxımından strateji əhəmiyyət daşıyır".
Tahirə AĞAMİRZƏ