H.Hüseynov ilk təhsilini Bakının 18 saylı məktəbində alıb. Erkən yaşlarından əmək fəaliyyətinə başlayıb və 1924-cü ildə Pedaqoji Texnikuma daxil olub. H.Hüseynov 1927-1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərinə mükəmməl yiyələnib. Universitetdə oxuduğu illərdə Maştağa kəndində 17 saylı və Bakı şəhərində 59 saylı orta məktəblərdə müəllimlik edib.
H.Hüseynov Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinə aspiranturada oxumağa göndərilib və aspiranturanı bitirib. 1932-ci ildən 1936-cı ilə qədər M.Əzizbəyov adına Qırmızı Bayraqlı Sənaye İnstitutunda və Sovet Ticarəti İnstitutunda fəlsəfədən dərs deyib.
Onun Əhmədağa Kazımovla birlikdə yazdığı və 1935-ci ildə nəşr olunan “Dialektik materializm” adlı ilk fəlsəfi əsəri gələcək filosofun elmdə atdığı ilk uğurlu addım idi.
1936-cı ildən elmi fəaliyyətini Azərbaycan Sovet Ensiklopediyası Komitəsində davam etdirən H.Hüseynov komitənin əvvəlcə elmi işçisi, bir qədər sonra katibi olub, 1939-cu ildən SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutunda direktor vəzifəsində çalışıb.
H.Hüseynov 1939-cu ildə Tiflis şəhərində “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiya müdafiə edib.
Müharibə illərində M.Arif və H.Hüseynovun redaktorluğu altında “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin ikicildliyinin nəşr edilməsi də humanitar elmin böyük uğuru oldu. Azərbaycanın fəlsəfi və ictimai-siyasi fikir tarixinə dair tədqiqat əsərlərinə görə ona fəlsəfə elmləri doktoru elmi dərəcəsi və professor adı verilib.
Azərbaycan tərcümə məktəbinin əsasını qoyan, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından olan H.Hüseynov 100-dən çox elmi məqalə yazmaqla yanaşı, Bəhmənyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işləri aparıb.
H.Hüseynovun baş redaktoru olduğu dördcildlik “Rusca-azərbaycanca lüğət” (1940-1946) dövrün elmi mühitində nəzərə çarpan hadisələrdən idi. Onun yaradıcılığında mühüm yer tutan “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabı rus dilində yazılmış, əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. Bu fundamental əsərə görə o, 1950-ci ildə Stalin mükafatına layiq görülmüşdür.
H.Hüseynov 17 avqust 1950-ci ildə vəfat edib.
Hazırladı: Mina RƏŞİD