Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri şəhid İbrahim Mirzəağa oğlu Rüstəmlinin doğum günüdür. O, 1993-cü il iyulun 18-də Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Aprel döyüşlərinə könüllü olaraq yazılan İbrahim 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə də öz istəyi ilə getmişdi. İbrahim Rüstəmli müharibədə əvvəlcə topçu kimi iştirak edib. Oktyabrın ortalarında yaralanaraq müalicə alıb, sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında İbrahimin də böyük xidmətləri var. Xocavənddə ilk Azanı da İbrahim verib.
İ.Rüstəmli noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralı olan bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Zərdab rayonunun Şahhüseynli kənd qəbristanlığında böyük ehtiramla torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Atası deyir ki, fəxr edirəm belə bir balam var. Vətən yolunda şəhid olub. Anası da övladından həyəcanla danışır. “Şəhid olsam narahat olmayın, Vətən sağ olsun, xalq sağ olsun”, - deyirdi balam.
İgid şəhidimizin qəhrəman anası onu da vurğulayır ki, torpaqlarımız İbrahim kimi mərd, cəsur oğulların canı-qanı bahasına alınıb.
Elə buna görə də, Şəhidlər ölmür və ən uca məqama sahib olarlar.
Şəhidimizin iki oğul balası – İsmayıl və öz adını daşıyan İbrahim bu gün Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD