15.12.2025, 11:03
AZ EN
04.09.2025, 10:52 226

Biz tarix yazmağa gəlmişik...

XƏBƏRLƏR
  • Rəşadın uşaqlıqdan hərbçi olmağa həvəsi vardı. Əsgərləri görəndə sevinirdi, evdə əsgər papağı da vardı. Papağı başına qoyub bir əsgər görəndə ona hərbi salam verərdi. Sakit, mehriban uşaq idi. Kiçik yaşlarında televizorda soydaşlarımızın torpaqlarımızdan didərgin düşdüyünü görəndə soruşmuşdu ki, ana, bu kinodu? Anası deyib ki, yox, bu bizim faciəmizdi. İnsanlarımızı vəhşicəsinə evlərindən qovurlar. Deyirdi ki, ana, mən böyüyüb onları evlərinə qaytaracağam. Sağlığında jurnalist ondan müsahibə alanda demişdi ki, biz tarix yazmağa gəlmişik. Anasına deyirdi ki, Seyfəlidəyəm burada hər şey əladır. Anası hələ də onun yoxluğuna alışa bilmir...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məmmədov Rəşad Fərəməz oğlunun doğum günüdü. O, 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində doğulub. 2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Tarix-Corafiya” ixtisasında təhsil alıb. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 

2013-cü ildə Gədəbəy rayonunun Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 2019-cu ildə magistraturaya qəbul olub, 2021-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsində təhsilini fərqlənmə diplomu ilə bitirib.  

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatında mərdliklə vuruşub.

Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər