Mərasimdə ictimai birliyin sədri Əbil Zeynalov, birliyin Mingəçevir filialinin sədri Suleyman Orucov, şəhid zabitin ailə üzvləri və yaxınları, qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım tədbirində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Azər Əmrah oğlu Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. 1997-ci ildə tam orta təhsilini başa çatdırıb, 1998–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ixtisas kursunu bitirdikdən sonra 2002-ci il iyulun 26-dan leytenant hərbi rütbəsində xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 18 il ərzində A.Mikayılov motoatıcı taqımın komandiri, kəşfiyyat bölüyünün kəşfiyyat taqımının komandiri, kəşfiyyat bölüyünün komandiri, kəşfiyyat bölməsinin rəisi - qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi, kəşfiyyat bölməsinin zabiti - bölmə rəisinin müavini (kəşfiyyatın planlaşdırılması üzrə), hərbi hissənin kəşfiyyat bölməsinin rəisi, hərbi hissənin qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavini, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissənin qərargah rəisi — tabor komandirinin müavini vəzifələrində xidmət edib. Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Şücaətə görə", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı, habelə fəxri fərmanlarla təltif edilib.
A.Mikayılovun Naxçıvan Muxtar Respublikasinin müdafiəsində boyük xidmətləri olub. “Günnüt əməliyyatı”nın və digər əməliyyatların uğurla həyata keçirilməsində birbaşa rəhbərlərdən biri kimi fədakarlıqlar göstərib. 2016-cı ilin dördgünlük Aprel döyüşlərində isə Lələtəpə yüksəkliyinin azad olunmasında fəal iştirak edib.
Vətən müharibəsindən bir neçə ay əvvəl Beyləqan-Fizuli istiqamətində yerləşən N saylı xüsusi təyinatlı kəşfiyyat taboruna təyinat alan A.Mikayilovun burada taborun qərargah rəisi, az sonra tabor komandiri vəzifələrini icra edib.
44 günlük Vətən müharibəsi başlananda təcrübəli zabit öz taboru ilə düşmənin müdafiə xəttin yarılması üçün qəhrəmanlıqla döyüşüb. Torpaqlarımızın işğaldan azad edilməsi üçün şəxsi sücaət və hünər göstərib. 2020-ci oktyabrın 8-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Yevlax Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhid mayor A.Mikayılov evli idi. Nuray adında bir qızı və Musa adında bir oğlu yadigar qalıb.
Anım mərasimində çıxış edən Əbil Zeynalov Vətən uğrunda canını qurban verən şəhidlərimizin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu, onların qəhrəmanlığının gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda “Dəmir Yumruq” ictimai birliyin sədri və mərasim iştirakçıları qəsəbədə anım məraisimin keçirilməsinə yaradılan şəraitə görə Qacqınların və Məcburi Köçkunlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlıq bildiriblər.
"Vətən səsi"