Allahverdiyev Süleyman İfxan oğlu 01.08.1950-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (keçmiş Krasnoselo) rayonunun Çaykənd kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Atası Allahverdiyev İfxan Məmmədkərim oğlu və anası Alıyeva Aşa Hüseyn qızı Çaykənd kolxozunda müxtəlif işlərdə çalışmışlar.
Allahverdiyev Süleyman ilk təhsilini doğulduğu Çaykənd kəndində səkkizillik məktəbdə almış və oranı bitirdikdən sonra qonşu Gölkənd kəndindəki orta məktəbdə orta təsilini uğurla başa vurmuşdur. Eyni zamanda təhsilini Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti - ADU) fizika fakültəsində davam etdirmiş və oranı 1973-cü ildə müvəffəqiyyətlə bitirmişdir.
Universitet illərindən sonra ali təhsilli mütəxəssis kimi doğulduğu Çaykənd kəndinə qayıtmış və orada bir müddət (1973-1977-ci illər) Bala Əfəndiyev adına orta məktəbdə fizika müəllimi işləmişdir. Lakin elmi axtarışlara böyük marağı olan Süleyman Allahverdiyev 1977-ci ildə AMEA-nın Əkinçilik institutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi “Bitgi fiziologiyası” laboratoriyasında biofizik kimi elmi isə baslamısdır. Elə həmin il, o, SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunda (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) “biofizika” ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.
1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda (Puşşino səhəri) biofizika üzrə namizədlik dissertasiyası müdafiə etmiş və fizika- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Namizədlik dissertasiyasının müdafiəsindən sonra Süleyman Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda elmi araşdırmalarını davam etdirmiş və apardığı elmi tədqiqat işlərini yekunlaşdıraraq 2002-ci ildə REA-nın Timiryazyev adına Bitki Fiziologiyası İnstitutunda "Bitkilərin fiziologiyası və biokimyası" ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.
S. Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə elm aləmində tanınmış mütəxəssisdir. Onun tədqiq etdiyi 2-ci fotosistem (FS-2) fotosintez zamanı elektron-nəqliyyat zəncirində gedən proseslərin əsasını təşkil edir. Bu tədqiqatların nəticəsi fotosintez prosesində ilkin mexanizmlərin elektronların ötürülməsi zamanı mümkün olan energetik və kinetik sxem bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib.
S. Allahverdiyevin əldə etdiyi elmi nəticələrin məcmusu əsasında FS-2-nin bitki və sianobakteriyaların fəaliyyəti, eləcə də inaktivasiya mexanizmləri və stress şəraitlərdə onun sonrakı reparasiyası haqqında yeni təsəvvürlər sistemi yaradılmış, bitkilərin fotosintez aparatının əlverişsiz ətraf mühit şəraitinə uyğunlaşdırılmasının molekulyar mexanizmləri tədqiq edilmişdir.
S. Allahverdiyev tərəfindən duz stressinə qarşı FS-2-nin dayanıqlığında canlı hüceyrələrin rolu müəyyən edilmiş və FS-2-nin ətraf mühitin stress amillərinə müqavimətini yetərincə gücləndirən gen mühəndisliyi yolları aşkarlanmışdır.
Hazırda o, nanobiotexnologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturu əsasında süni fotosintez sistemlərinin yaradılması ilə bağlı tədqiqatlarda fəal iştirak edir. Bu tədqiqatlar gələcəkdə alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə edilməsinə imkan verəcəkdir.
S.Allahverdiyevin elmi araşdırmalarının nəticələri müntəzəm olaraq Chemical Reviwers, Proceedings of National Academy of Science USA, "The EMBO Journal, J.Photochem Photobiol, Photosynthesis Research, FEBS Letters və s. kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilir. O, bu və digər elmi jurnallarda bir sıra icmal məqalələrin, habelə xaricdə nəşr edilən elmi kitablarda 39 fəslin müəllifidir. Bütün bunlar onun elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınmasına sübutdur. Alim dəfələrlə müxtəlif beynəlxalq jurnalların xüsusi buraxılışlarının redaktoru kimi dəvət olunub.
Beynəlxalq elmi istinada və Hirş indeksinin məlumatına görə Süleyman Allahverdiyevin elmi əsərlərinə istinad sayı müvafiq olaraq təxminən 27 000 və 79-dur. O, belə yüksək sitat (istinad) reytinqi (26 000- dən çox) olan yeganə azərbaycanlıdır.
S.Allahverdiyev 2018–2023-cü illərdə Thomson Reuters-WoS (Clarivate Analytics) tərəfindən müstəsna tədqiqatları ilə seçilən ən yüksək istinad edilən dünya səviyyəli tədqiqatçılardan biri kimi tanınmış və dünyanın ən çox istinad olunan top 1% alimləri siyahısına daxil edilmiş və “Scopus Awards Russia” mükafatına layiq görülmüşdür. S.Allahverdiyevin belə bir mötəbər siyahıya daxil edilməsi onun fotosintez və əlaqəli sahələrin öyrənilməsinə verdiyi əvəzsiz töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
O, 2022-ci ildən etibarən hər il Research.com reytinqində “Bitki elmi və aqronomiya” kateqoriyası üzrə Rusiya alimləri arasında birinci yeri tutur.
S.Allahverdiyev müxtəlif illərdə 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan, koreya və s.) dəvətli professor kimi çalışıb.
İndiyə qədər Rusiyada, eləcə də başqa xarici ölkələrdə keçirilən 90-dan çox beynəlxalq elmi konfranslarda iştirak edib. Dünyanın 60-dan çox ölkəsində o cümlədən, Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və s. ölkələrdə müxtəlif illərdə dəvətlə işləmiş və mühazirələr oxumuşdur. O, həm də Yaponiya, Kanada, Hindistan, Macarıstan, Almaniya, Sinqapur, ABŞ, İsveç və s. ölkələrin elmi - tədqiqat təşkilatlarının beynəlxalq layihələrində rəhbər və iştirakçıdır. O böyük uğurla keçən "Postegenom dövrdə Fotosintez, biofizikadan molekulyar biologiyaya qədər" (Kanada - 2004), "Fotosintezlərin struktur və funksiyası" (Puşşino 2006, 2014, 2016), "Davamlı inkişaf üçün Fotosintez tədqiqatları" (2011, 20013, 2018 Bakı, Azərbaycan), (2015 Krit Yunanıstan), "Davamlı inkişaf üçün Fotosintez və hidrogen enerji tədqiqatları" (2017, Heydərabad, Hindistan, 2019, Sankt Peterburq, 2023, Istanbul), beynəlxalq elmi konfransların təşkilatçısı olub.
S.Allahverdiyev həm də Rusiya Elmlər Akademiyasının Bitki fiziologiyası İnstitutunun “İdarəolunan fotobiosintez” laboratoriyasının rəhbəri, Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin “Bitki fiziologiyası” kafedrasının, eləcə də Moskva fiziki-texnika institutunun molekulyar və hüceyrə biologiyası kafedrasının professorudur.
S. Allahverdiyev 2019-cu ildə Rusiya Elmlər Akademiyasının K.A.Timiryazyev adına mükafatını almış, 2021-ci ilin beynəlxalq "Qlobal enerji" mükafatına layiq görülmüş, 2024-cü ildə Beynəlxalq Hidrogen Mükafatı laureatı olmuş, həmçinin, Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin “Elm qarşısında xidmətlərinə görə” qızıl medal sahibidir.
Bütün mənalı həyatını vətəndən uzaqlarda yalnız elmə həsr etmiş, məşğul olduğu elmi istiqamətdə qazandığı möhtəşəm uğurları ilə dünya alimləri sırasında Azərbaycanı layiqincə təmsil edən həmyerlimizi bu yubiley günü münasibətilə təbrik edir, ona hər şeydən əvvəl möhkəm can sağlığı, uzun ömür və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.