27.06.2025, 08:41
AZ EN
27.01.2022, 16:04 1313

Vətən üçün canından keçdi...

XƏBƏRLƏR

İlk dəfə döyüşə yollanarkən komandiri olduğu bölüyün əsgərlərinə xitabən deyib: “Vətən üçün canımızdan keçməyə hazır olmalıyıq”. Təcrübəli zabit kimi onları düşmən üzərində qələbəyə ruhlandırıb. Qorxmazlığı, cəsurluğu ilə şəxsi nümunə göstərib. Üçrəngli bayrağımızı Hadrutda azad olunmuş yüksəkliyə sancmaq istəyərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın rəşadətli və qalib ordusunun baş leytenantı Səid Nofəl oğlu Rəşidzadə…

O, 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdu. Körpə ikən valideynləri ilə birlikdə məcburi köçkün həyatı yaşamışdı. 1996-2007-ci illərdə paytaxtın Nərimanov rayonundakı şəhid Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxumuş, 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almış, 2011-ci ildən etibarən Silahlı Qüvvələrdə xidmətə başlamışdı. 2016-cı ilin Aprel döyüşlərində Milli Qəhrəman, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşmüşdü. 44 günlük Vətən müharibəsi başlananda bir neçə il idi ki, ordu sıralarından tərxis olunmuşdu. 2020-ci il sentyabrın 27-də isə yenidən könüllü olaraq hərbi xidmətə qayıtdı…

Təhsilini, döyüş təcrübəsini nəzərə alaraq Səidi bölük komandiri təyin etdilər. O, əvvəlcə Beyləqan rayonu ərazisində könüllü və səfərbər edilmiş əsgərlərlə təlim keçməli oldu. 

Müharibənin beşinci günündən döyüşlərə qoşulan gənc zabit doğma Füzuli rayonunun kənd­­lərinin və Cəbrayılın azad edilməsindən sonra Hadrut istiqamətində irəliləyən ordu bölmələrimizin önündə yer alıb. Tabor komandiri mayor Hacı Rəhimov deyir: “Səidlə Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün deyildi. Həmin yüksəklikləri təmizləyərkən şiddətli döyüş baş verdi. Səid düşmənin bayrağını endirib onun yerinə Azərbaycan bayrağını sancmaq istəyəndə snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldıq. Orada dalğalanan üçrəngli bayrağımızın üzərinə Səidin adının yazdıq…”

Döyüş yoldaşı, müddətdən artıq hərbi xidmət qulluqçusu Xalid Abdullayev cəsur komandirin döyüşkənliyini belə ifadə edir: “Çox ürəklə döyüşürdü. Şəxsən mən xidmət etdiyim müddətdə onun kimi ürəkli adam görməmişdim. Səid öz döyüşkənliyi ilə bizə də ruh verirdi. Bu insanda qorxu deyilən hiss yox idi. Onunla birlikdə Şuşaya, Kəlbəcərə getməklə bağlı xəyallar qururduq. Çox təəssüf ki, aramızdan tez ayrıldı…”

Oktyabrın 11-də şəhidlik zirvəsinə yüksələn gənc zabit anadan olduğu Füzuli rayonunda dəfn edilib. Prezident İlham Əliyevin sərəncamına əsasən, o, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi igidliyə və mərdliyə görə,ölümündən sonra,  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər