21.04.2026, 14:05
AZ EN
21.04.2026, 10:32 104

Rusiyapərəst qüvvələr "Qarabağ kartı"nı yenidən oynamaq istəyir

XƏBƏRLƏR
  • "Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəmir. Moskva Ermənistanda özünün maraqlarına xidmət edən rusiyapərəst qüvvələr vasitəsilə burada siyasi oyunbazlıqla məşğuldur. Əsas məqsədləri ölkəmizi Rusiyanın təsiri altında saxlamaqdır. Ona görə də Azərbaycanla münasibətlərimizin normallaşmasına mane olmağa çalışırlar".

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib. O, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı "Rusiyanın Ermənistandakı emissarları" adlandıraraq onları ölkənin suverenliyini xaricə satmaqda ittiham edib: "Suverenliyimiz də daxil olmaqla hər şeyimizi satıblar. İndi isə yenidən hakimiyyətə yiyələnmək üçün xalqı doxsanıncı illərə qaytarmaq istəyirlər. Onların daim müharibəyə ehtiyacları var".

Stepanyan bildirib ki, Ermənistanda rusiyapərəst siyasi düşərgədəki səs-küy Paşinyan hökumətinin doğru yolda olduğunu göstərir. onun sözlərinə görə, İrəvanın öz gələcəyini azad şəkildə qurmaq istəyi Rusiyanı və onun təlimatları əsasında hərəkət edən qüvvələri rahat buraxmır: "Onlar siyasət meydanında açıq-aşkar uduzduqlarını görürlər, ona görə də hakimiyyətlə son döyüşə giriblər. Biz daim oturub Qarabağ haqqında xəyallar qura bilmərik. Nə qədər çox xəyal qursaq, bir o qədər çox itirəcəyik".

Erməni politoloq etiraf edib ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəlməsəydi, hazırkı dövr Ermənistan üçün çox ağır olardı. Onun fikrincə, hətta regionda baş verən hadisələr fonunda Ermənistanın dövlət kimi mövcud olmaya bilərdi.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iki gün əvvəl iyunun 7-də keçiriləcək parlament seçkilərinin  Köçəryan və Sərkisyan üçün son şans olduğunu söyləmişdi. O, əsas rəqibi, rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyasının əslində keçmiş prezident Serj Sərkisyanın "Respublikaçı" Partiya olduğunu bildirmişdi: "Bu qüvvələr açıq şəkildə vətəndaşlara meydan oxuyurlar. "Güclü Ermənistan" Partiyası, Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan" Partiyası və Robert Köçəryanın "Ermənistan" blokunun seçki siyahıları eyni qutuda olan kartlara bənzəyir. Elə kombinasiyaları var ki, təsəvvür etmək belə çətindir. Amma Köçəryanın, Sərkisyanın və digərlərinin onlara açıq şəkildə dəstək verməsi mənzərəni tamamlayır".

Elxan SALAHOV

Oxşar xəbərlər