Kapitan Nəcəf Şikarov 2020-ci sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib.
N.Şikarov noyabrın 9-da Hadrut istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Nəcəf Şikarov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Şəhidimizin həyat yoldaşı Xurşud xanım danışır ki, Nəcəf müharibəyə zəfər çalacağımıza inamla, böyük ruh yüksəkliyi ilə, qürurla yollanıb: “O, getdiyi gün qəlbimə həyəcan, təlaş çökdü. Mən bilirdim, Nəcəf heç bir təhlükədən çəkinməz. Sonradan döyüş yoldaşlarının danışdıqları da təsdiq etdi ki, mən yanılmamışdım”.
Xurşud xanım deyir ki, hərbçi həyat yoldaşı olmaq çətindir, amma mən onu hərbi geyimdə sevmişdim: “Azərbaycan Texniki Universitetinin tələbəsiydim. Qohum olsaq da, o vaxtadək Nəcəfi çox az görmüşdüm. Mən Şamaxıda, o, Bakıda böyümüşdü axı. Mən ikinci kursda oxuyanda nişanlandıq. Universiteti bitirdim. Toyumuz oldu. Elə toyumuzun sabahı günü qulluq etdiyi hərbi hissəyə getdi, düz 40 gündən sonra gəldi. O, on iki il cəbhə bölgələrində xidmət etdi. Bu illər ərzində ailəmiz genişləndi. Qızlarımız dünyaya gəldi. Nəcəf ailəcanlı idi. Ancaq daha çox qulluq etdiyi hərbi hissədə, səngərlərdə olur, günlərlə evə gələ bilmirdi. Heyifsilənirəm ki, az olduq bir yerdə. Dostları onun xasiyyətindən danışırlar. Həsəd aparıram, çünki onlar Nəcəfin barəsində məndən çox bilirlər”.
Cəbhədə olanda telefonla arabir zəng edir, çox qısa danışır, harada vuruşması, ümumiyyətlə, döyüşlərlə bağlı heç nə söyləmirdi. “Bizi arxayınlaşıdırırdı ki, hər şey yaxşı olacaq. Mənə tapşırırdı ağlama, bir də uşaqlara yaxşı bax, çalış yaxşı oxusunlar. Qızlarımıza isə deyirdi, ananızın sözünə baxın, dərslərinizi yaxşı oxuyun. Bircə noyabrın 1-də, Zəhranın ad günü bir neçə dəfə zəng etdi. Çoxlu suallar verirdi. Ad gününü necə keçirirsiniz? Kimlər gəlib? Hansı yeməkləri bişirmisiniz? Zəhra indi neyləyir?...
Şəhadətindən bir neçə gün qabaq telefonda anası ilə danışıb. Ona noyabrın 11-nə ad günü hədiyyəsi söz verib, “səni gör necə təbrik edəcəm, ana...”, - deyib Nəcəf.
Nəcəf Nəcəfov noyabrın 7-də həyat yoldaşına sonuncu mesajını yazıb.
Yazıb ki, biz çıxırıq, özünüzə yaxşı baxın, mənə dua edin.
Qəhrəman kapitanın övladlarının yaşı az olsa da, atalarının necə bir igid olduğunu yaxşı bilir, onunla qürur duyurlar. İndi isə atalarının arzusunu yerinə yetirir, dərslərini yaxşı oxuyurlar. Şəhid xanımının ən böyük arzusu isə qızlarını ataları kimi vətənpərvər görməkdir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dosun, qəhrəman kapitan!
Mina RƏŞİD