28.06.2025, 11:08
AZ EN
08.08.2023, 17:16 237

İtkin sayılan şəhidin cəsədi 31 il sonra tapıldı

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb. İndiyədək o, şəhid statusu daşısa da, cəsədi tapılmadığından itkin hesab olunurdu. 

“Vətən səsi” xəbər verir ki, Rəhman Həsənovun cəsədi bu yaxınlarda Laçın rayonunun Suarası kəndində, məşhur Susuz dağında, 1992-ci ildə döyüşərək şəhid olduğu ərazidə aşkarlanıb. Eksqumasiya edildikdən sonra cəsədin şəhid Həsənov Rəhman Əhliman oğluna aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub. 1990-cı ildə hərbi xidmətə çağırılan Rəhmanın döyüş yolu Laçının Qayğı qəsəbəsindən başlayıb. O, adı çəkilən qəsəbədə yerləşən yerli özünümüdafiə batalyonunun tərkibində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Qranatomyotçu kimi Laçının ən qaynar nöqtələrində hərbi xidmətini davam etdirən Rəhman Həsənov işğalçı Ermənistan ordusunun  aramsız hücumlarını dəf edərkən böyük şücaət göstərib. Belə ki, o, 1992-ci ildə Suarası kəndi yaxınlığında, Susuz dağında gedən döyüşlər zamanı 2 erməni postunu partladıb, 10 nəfərdən çox düşmən əsgərini məhv edib.

Rəhman Həsənov 1992-ci il sentyabrın 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.
Allah rəhmət eləsin!

Elxan SALAHOV

Oxşar xəbərlər