Yeni yaradılan iş yerləri üzrə işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğu təmin edilir. Qarabağ və Şərqi Zəngəzurda müntəzəm olaraq əmək yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir. Doğma yurduna köçürülən əhalinin vakant iş yerləri ilə tanış olması, yerli sakinlərin bölgədə tələb olunan ixtisaslar üzrə peşə hazırlığı kurslarına cəlb edilməsi bu məsələdə xüsusi rol oynayır.
Özünüməşğulluq kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə dövlət dəstəyi ilə avadanlıqların verilməsini təmin edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan təmir-bərpa layihələrində yerli əhalinin işçi qüvvəsi kimi çalışması üçün təşviq edilir. Bu tədbirlər insanların daimi iş yerləri ilə təmin olunması və bölgədə iqtisadi aktivliyin bərpasına hədəflənir.
Hazırda işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam edir. Dövlət Məşğulluq Agentliyi vasitəsilə Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən 1 mart 2026-cı il tarixədək 8 min 673 nəfəri işlə təmin edilib. Həmçinin 754 sakin özünüməşğulluq proqramı çərçivəsində özlərinin kiçik biznesini qurub, 383 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib. Sakinlərin fərdi təsərrüfatlarını qurması üçün onlara mal və materiallar formasında aktivlər verilir.
Xatıraladaq ki, əmək bazarının tələblərinə uyğun olaraq sakinlərin peşə bacarıqlarını artırmaq məqsədilə kənd təsərrüfatı, tikinti, turizm və sənaye sahələri üzrə peşə hazırlığı kursları təşkil edilir. Böyük Qayıdış proqramının hələ ilk aylarından Dövlət Məşğulluq Agentliyinin saytında xüsusi “Qarabağda iş imkanları” bölməsi yaradılıb. Burada tikinti, xidmət və digər sahələr üzrə mütəmadi olaraq yeni vakansiyalar paylaşılır. İşğaldan azad edilmiş ərazilərdə çalışan işçilər və işəgötürənlər üçün bir sıra vergi, sosial sığorta güzəştləri və stimullaşdırıcı mexanizmlər tətbiq olunur.
Röya SALMANQIZI