07.03.2026, 00:36
AZ EN
06.03.2026, 15:54 152

“Böyük Qayıdış: Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs” adlı toplantı keçirilib

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyətində Memarlıq və Şəhərsalma ili çərçivəsində “Böyük Qayıdış: Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs” adlı toplantı keçirilib.

İcra hakimiyyətindən bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də gənclər iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasında həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin həmin ərazilərə əhalinin mərhələli şəkildə qayıdışı istiqamətində görülən tədbirlər barədə iştirakçıları məlumatlandırmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq olub. Toplantıda çıxış edən başçının müavini Əfsanə Quliyeva bildirib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, müasir yaşayış məntəqələrinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr regionun sosial-iqtisadi inkişafına ciddi təkan verəcək, həmin ərazilərin iqtisadi potensialının bərpasına və gələcəkdə daha da inkişaf etməsinə geniş imkanlar yaradacaq. Eyni zamanda azad olunmuş ərazilərdə ağıllı kənd və ağıllı şəhər konsepsiyasına uyğun müasir yaşayış məntəqələrinin yaradılması dövlətin bu bölgələrə xüsusi diqqət və qayğısının göstəricisidir. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı təmin edilir və doğma torpaqlarda həyat yenidən canlanır. Bu proses yalnız sosial baxımdan deyil, həm də ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

Tədbirdə iştirak edən digər natiqlər Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin ölkəmizin gücünü və inkişafını bir daha nümayiş etdirdiyini bildirərək, həyata keçirilən layihələrin regionun gələcək inkişafı və rifahı baxımından mühüm rol oynayacağını qeyd ediblər.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi istiqamətində görülən işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər