"Vətən səsi" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dünənki bəyanatından sonra yerli mətbuat bu mövzuya xüsusi diqqət ayırıb. Bildirilir ki, Qarabağ münaqişəsi dövründə həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də regionda əsas söz sahibi kimi Rusiya ilə aparılan danışıqlara dair sənədlərin yayılması Moskva üçün gözlənilməz olub. Zaxarovanın həmin mövzudan bəhs edərkən Ermənistan hökumətini etik normaları kobud şəkildə pozmaqda ittiham etməsi isə Rusiyanın xüsusilə Sarkisyanın Putinə yazdığı məktubun yayılmasından narazı qaldığını göstərir.
2016-cı ilin "Aprel döyüşləri"ndən üç ay sonra yazılmış həmin məktubda göstərilir ki, Ermənistan Qarabağ münaqişəsinin yalnız razılaşma bərabərliyi üzərində deyil, İrəvanın mövqeyinə üstünlük verilməklə həll edilməsini istəyir. Məktubda Azərbaycan tərəfinin irəli sürdüyü "əvvəlcə işğal olunmuş ərazilər qaytarılsın, sonra Qarabağın statusu məsələsinə baxılsın" təklifi nəinki qəbul edilmir, hətta tənqid olunur. Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan rusiyalı həmkarına yazdığı məktubda Bakının bu mövqeyini İrəvan üçün "çox təhlükəli təklif" adlandırıb. O, iddia edib ki, bu cür həll formulu yalnız Azərbaycanın maraqlarına uyğundur. O, bir qədər də uzağa gedərək Putindən rəsmi Bakıya təzyiqləri artırmağı xahiş edib, "Rusiyanın regiondakı nüfuzuna söykənərək tarazlığı bərpa edəcək mexanizm" tapmaqda kömək istəyib. Həm də məhz Ermənistanın maraqlarına uyğun şəkildə.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, Ermənistanın hazırkı rəhbərliyi Qarabağla bağlı ATƏT-in işçi sənədlərini və həmsədr ölkə rəhbərlərinin yazışmalarını maraqlı tərəflərlə razılaşdırmadan dərc etməməli di. Əks halda bu, etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, tərəflər arasındakı yazışmaların və sənədlərin razlaşdırılmadan dərc olunması diplomatik praktikanın fundamental qaydalarına ziddir: "Bu, tərəflər arasında illərlə formalaşmış etimad mühitinə ciddi zərbə vurur".
Rusiya tərəfi hesab edir ki, işçi materialların və məxfi yazışmaların birtərəfli qaydada ictimailəşdirilməsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmış danışıqların mahiyyətinə və formatına ziddir. Zaxarova bildirib ki, bu cür addımlar danışıqlar prosesində vasitəçilərin fəaliyyətinə kölgə salır və regionda həssas balansı pozur: "Kompromislərə əsaslanan həssas sülh proseslərində belə sənədlərin gizliliyi qorunmalıdır və Ermənistanın bu davranışı bütün tərəflər üçün qəbuledilməzdir".
Rusiya mətbuatı yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi göstərişi əsasında dərc olunmuş 13 sənəd arasında Serj Sərkisyanın Vladimir Putinə yazdığı məktubun, eləcə də müxtəlif mərhələlərdə aparılmış təkliflərin, həmsədr ölkələrin mövqelərinin, danışıqlar masasında müzakirə edilən variantların və məxfi yazışmaların da yer alması İrəvanla Moskva arasında diplomatik münasibətləri də zədələyəcək. Çünki yayılan sənədlərdə məhz Rusiyanın təklifləri əsasında Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının qorunmasına daha çox üstünlük verilib. Bu isə faktiki olaraq həmin münaqişədən daha çox zərər çəkmiş Azərbaycanın danışıqların gedişindən, xüsusilə probleminin həllinin yubadılmasından (yəni, sülh danışıqlarında böyük təsir gücünə malik Rusiyanın bu münaqişənin başlamasında əsas günahkarı olan Ermənistanın haqız mövqeyini dəstəkləməsindən - red.) narazı qalmasına səbəb olub. Elə buna görə də Mariya Zaxarova bildirib ki, Ermənistanın atdığı bu addım konstruktiv dialoqa xidmət etmir və regionda yeni gərginlik potensialı yaradır: "Məhz bu 13 faylın dərc olunması Moskvanın, eləcə də danışıqlarda iştirak edən digər tərəflərin narazılığına səbəb olub. Rusiyanın XİN nümayəndəsi bildirib ki, bu addım təkcə etik yox, həm də prosedur qaydalarının pozulmasıdır, çünki belə sənədlər yalnız tərəflərin razılığı ilə açıqlana bilər".
Xatırladaq ki, Ermənistan hökuməti bir neçə gün əvvəl 1994-2020-ci illər ərzində Qarabağ məsələsi üzrə aparılmış danışıqlara dair 13 fayldan ibarət arxiv sənədlərini dərc edib. Həmin məlumatlarda Ermənistanın keçmiş rəhbərliyi mövcud "status-kvo"nu saxlamaq, işğal edilmiş torpaqları geri qaytarmamaq niyyəti açıq mətnlə qeyd olunur, münaqişəni İrəvanın xeyrinə həll etmək üçün Rusiyadan Azərbaycana qarşı təzyiqləri artırmağı xahiş edilir.
Elxan SALAHOV