"Vətən səsi" xəbər verir ki, bunu siyasi şərhçi Əli Zülfüqaroğlu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətni üzrə tam razılıq əldə olunduqdan sonra müşahidə olunan durğunluq prosesini şərh edərkən bildirib. O, qeyd edib ki, mətnin razılaşdırılmasından sonra İrəvan yekun razılaşma üzrə sazişi imzalamağı təklif etsə də, rəsmi Bakı əvvəlki mövqeyində qalır: "Azərbaycan tərəfi bəyan edib ki, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi həll edilmədən sülh sazişinin imzalanması mümkün deyil. Xarici işlər naziri Ceyhun Bayramov da sənədin imzalanması üçün bu iki tələbin yerinə yetirilməli olduğunu bir daha bəyan edib. Onun erməni həmkarı Ararat Mirzoyanın "Yaxın vaxtlarda müsbət irəliləyişlər ola bilə" açıqlaması isə Ermənistan ənənəvi manipulyasiyasından başqa bir şey deyil. Yəni, İrəvan yenə də real və konkret addımlar atmaqdan yayınır, ümid edirlər ki, geosiyasi vəziyyət nə vaxtsa onun lehinə dəyişəcək. Bu da onu deməyə əsas verir ki, Ermənistanın sülh prosesini yubatmaqla revanşist niyyətlərini gerçəkləşdsirmək üçün vaxt qazanmağa çalışır".
Elxan SALAHOV