16.12.2025, 16:38
AZ EN
16.12.2025, 11:50 225

“Sevgi ilə yüksəl, özgüvənlə parla”...

XƏBƏRLƏR
  • Bu günlərdə Bakı Modern Təhsil Kompleksində Elm və Təhsil Nazirliyinin 9-cu Qrant müsabiqəsinin qalibi olan “Sevgi ilə yüksəl, özgüvənlə parla” adlı layihənin açılış mərasimi keçirilib. Mərasimdə BMTK-ın idarəetmə heyətinin üzvləri, Psixologiya şöbəsinin rəisi və əməkdaşları, klinik psixoloq, terapevtik nağıllar kitabının müəllifi Gülşən Cəfərova, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, ADU-nun professoru, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva və başqaları iştirak ediblər.

Tədbirdə əvvəlcə himnimiz səsləndirildi, daha sonra layihənin rəhbəri BMTK-nin ingilis dili müəllimi Günay Nadirova qonaqları salamladı və layihə haqqında məlumat verdi. Bildirdi ki, məktəb təkcə təhsil verən deyil, həm də mental sağlam, özgüvənli və cəmiyyətə faydalı vətəndaş yetişdirən bir müəssisədir. Bu baxımdan, emosional zəka və nağıl terapiyası modelinin məktəblərimizdə tətbiqi yeni dövr gəncliyinin yetişməsində uğurlu addım olacaq.

Layihə çərçivəsində Bakı Modern Təhsil Kompleksində məktəbəqədər siniflər üçün 6 ay müddətində canlı “Nağıl terapiyası və Emosional zəka" dərsləri təşkil ediləcək. Bu dərslərin müsbət təsirinin davamlı olmasını təmin etmək üçün,  “Huzoor” adlı mental sağlamlıq və meditasiya mobil tətbiqinin “Uşaq hekayələri” bölməsi genişləndiriləcək. Dərslər 24 həftə ərzində, 24 dərs – hər biri 45 dəqiqə olmaqla psixoloqlar tərəfindən şagirdlərə özgüvən, özsevgi, şəfqət hissi, minnətdarlıq hissi, hisslərin qəbullanması kimi mövzularda terapevtik nağılların oxunması və sonda şagirdləri düşündürən, onlarda fərqindəlik yaradan sual-cavab sessiyası olacaq.

"Sevgi ilə yüksəl, özgüvənlə parla" layihəsinin monitorinqi əvvəlcədən hədəfə alınmış nəticələrə diqqət yetirmək şərtilə, strukturlu şəkildə aparılacaq.

Layihə tamamlandıqdan sonra, onun davamlılığını təmin etmək üçün "Emosional zəka və Terapevtik nağıllar" dərsi Elm və Təhsil Nazirliyinin orta məktəblər üçün müəyyən etdiyi kurrikuluma uyğunlaşdırılacaq.

Bundan əlavə, layihə uğurla tamamlandıqdan sonra, digər orta məktəblərdəki psixoloqlara da bu mövzularda xüsusi təlim keçmək layihənin davamlılığına xidmət edəcək.

Mina RƏŞİD

Oxşar xəbərlər