16.12.2025, 19:21
AZ EN
16.12.2025, 16:46 20

İrəvan Moskvanın Zəngəzur dəhlizinə nəzarət arzusunu puça çıxarır

XƏBƏRLƏR
  • Rusiyanın "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsində hər hansı formada itirak etmək istəyi mümkün görünmür. Kremlə yaxın dairələrin bu təşəbbüslərinə Ermənistandan verilən cavab isə Moskvanın dəhlizə nəzarət etmək etmək imkanlarıını tamamilə sıfırlayır.

"Vətən səsi" xəbər verir ki, məsələyə bu gün Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan da münasibət bildirib. O, qeyd edib ki, "Tramp yolu" layihəsi çərçivəsində Ermənistanın cənubunda tikiləcək yeni dəmir yolu "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin balansında olmayacaq. Onun sözlərinə görə, Rusiyanın layihədə iştirakı həm Azərbaycan, həm də Ermənistan tərəfinin razılığı əsasında müzakirə edilə bilər ki, burada ABŞ-ın da rəyin nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, Rusiyanın həmin layihədə hər hansı formada iştirakı mümkün görünmür.

"Ermənistanın mövcud dəmir yolu xətləri Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları"na məxsusdur. "Tramp yolu" layihəsi daxilindəki 43 kilometrlik dəmir yolu Ermənistan-ABŞ birgə müəssisəsi kimi fəaliyyət göstərəcək "TRIPP Company" şirkətinə məxsus olacaq".

Komitə rəhbəri vurğulayıb ki, hazırda Ermənistan və ABŞ arasında TRIPP layihəsi ilə bağlı danışıqlar aparılır. Xandanyanın sözlərinə görə, müvafiq sazişlərdə nəzərdə tutulduğu kimi, gələcəkdə tərəflər və ya şirkətlərin bura daxil edilməsi müzakirə olunacaq. Həmçinin yaxın vaxtlarda dövlət qeydiyyatına alınacaq "TRIPP Company" şirkətinin də layihənin bir hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə Rusiyanın Zəngəzur dəhlizində iştirakı ilə bağlı istəklərinə konkret cavab verib. Onun sözlərinə görə, Rusiyanın “Tramp yolu” layihəsində iştirakı ümumiyyətlə, müzakirə olunmur: “Onların bizimlə müzakirə aparmağa hazır olmalarından məmnunuq. İstəyirsiniz, bunu 160 dəfə deyim, belə müzakirələr yoxdur, mən hipotetik suallara cavab vermirəm".

Rubinyan əlavə edib ki, "Tramp yolu"na nəzarət heç bir halda Rusiyaya məxsus olmayacaq.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin Moskvanın Zəngəzur dəhlizi ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu bildirib. O, Zəngəzur dəhlizinin bir hissəsinin Ermənistandakı Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazidən keçdiyini xatırladaraq həmin kommunikasiya xətlərinə Moskvanın nəzarət etmək istədiyini söyləyib. Kalugin həm də iddia edib ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın Rusiyasız bu layihənin həyata keçirilməsi çətin olacaq.

Elxan SALAHOV

 

Oxşar xəbərlər