28.06.2025, 18:51
AZ EN
10.05.2024, 17:09 336

Erməni keşişin delimitasiyaya qarşı aksiyası böyüyür

XƏBƏRLƏR

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər. Dünəndən bəri etirazlar qızışıb, İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib.

"Vətən səsi" xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanın dünənki aksiyada parlament vasitəsi ilə impiçmentə gedəcəyini və bunun üçün parlament partiyaları ilə danışıqlar aparacağını bildirib. İrəvan Dövlət Universitetinin tələbələri də bu gün itaətsizlik aksiyasına başlayıblar. Erməni mətbuatının yaydığı videoməlumatlarda bir qrup gəncin “Ayağa qalx, tələbə!” şüarı ilə universitetin müxtəlif fakültələrini gəzərək tələbələri ümumxalq tətillərinə qoşulmağa çağıdığı görünür.

Bu gün səhər saatlarında “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın tərəfdarları İrəvandakı Respublika meydanına toplaşmağa başlayıblar. Ermənistan mətbuatı yazır ki, bir qrup etirazçı Azadlıq prospektində hərəkəti iflic edib. Etirazçılar həmçinin Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Yeğeqnadzordan keçən hissəsi, elədə də Ararat vilayətindən İrəvana girişi bağlayıb.

Ermənistanda siyasi gərginliyin pik həddə çatdığı məqamda keçmiş xarici işlər naziri Vardan Oskanyan qəribə fikirlərlə çıxış edib. O, deyib ki, Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi Baqrat Qalstanyan olmalıdır: “Hesab edirəm ki, dünən parlamentə daxil olmaq və Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləşmələr apardığını elan edən Baqrat Qalstanyan düzgün yoldadır. Konstitusiya da bu qüvvələrin baş nazirliyə namizədlərini təqdim etmələrini tələb edir. Hazırda hesab edirəm ki, baş nazir postuna namizəd Baqrat Qalstanyan olmalıdır”.

Oskanyan hər kəsi keşiş Baqratın əsgəri olmağa çağırmaqdan da çəkinməyib.

Qalstanyan isə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Baş nazir olacağı barədə yayılan məlumatları təkzib edib. O, deyib ki, Köçəryanın Baş nazirliyə namizəd olacağı barədə onunla nə danışıb, nə də müzakirə edib. Jurnalistin “keçmiş ombudsman Arman Tatoyanın adı müzakirə edilirmi” sualına yepiskop bunun mümkün olduğunu söyləyib: “Hər şey mümkündür, insanlar mənim adımı da müzakirə edirlər”.

Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər. Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib.O, İrəvandakı Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt vermişdi.

"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - deyə, o, dünən axşam İrəvanda keçirilən mitinqdə söyləmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan aksiyaçıların istefa tələbinə məhəl qoymayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər