08.03.2026, 13:21
AZ EN
13.01.2026, 10:51 237

Ermənistan müxalifəti Moskvanın təhdidlərinə susur

XƏBƏRLƏR
  • "Yerli mətbuatda Rusiya dövlət televiziyasının jurnalisti Vladimir Solovyovun Ermənistanda "xüsusi hərbi əməliyyat"ın başlanmalı olduğu barədə açıqlamasını axtarıram, tapa bilmirəm. Erməni mətbuatı niyə cavab vermir, bəlkə Solovyovdan, yoxsa Kremldəki rəhbərlərdən qorxur?"

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Yeqoyan rusiyalı jurnalist Vladimir Solovyovun Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi və təhdid xarakterli bəyanatına münasibət bildirərkən deyib. O,  Ermənistan müxalifətini də Moskvadan gələn təhdidlərə münasibətdə susqunluq nümayiş etdirməkdə qınayıb: "Hamı susur, mən bu barədə heç bir müzakirə, sual, təcili mətbuat konfransı, depat görmürəm. Türkiyə və Azərbaycan mətbuatının və ekspertlərinin dediklərini erməni mediasına daşıyan, onların üzərində geosiyasi təhlillər quran jurnalistlər dünyanın ən məşhur rus jurnalistinin təhdidini görməzdən gəlib, susurlar. Müxalifət də susur".

Ermənistandakı hakim partiyanın deputatı olan Arman Yeqoyan Bakı ilə İrəvan arasında iqtisadi əlaqələrin qurulmasına narazılıq edən, Qazaxıstandan taxıl, Azərbaycan neft məhsullarının gətirilməsinə dodaq büzən müxalifətçiləri "buğdaşünas" və "benzinşünas" adlandırıb. O, həmin "ekspert"lərin Rusiyanın təhdidlərinə də tutarlı cavab verməli olduqlarını söyləyib: "Qazaxıstan buğdasının laborator müayinəsi naminə Mərkəzi Asiyanın ucqarlarına qədər gedirlər, amma cənab Solovyovu görməzlikdən gəlirlər. Niyə Rusiyadan səslənən bu təhdid barədə ictimaiyyəti məlumatlandırmır, onu şərh etmirsiniz? Niyə bunu müzakirə mövzusuna çevirmirsiniz?".

Xatırladaq ki, Vladimir Solovyov özünün müəllifi olduğu televizya proqramında çıxışı zamanı deyib ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Rusiyalı jurnalist yaxın vaxtlarda Ermənistanda da “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib. Onun "Xüsusi hərbi əməliyyat təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda" bəyanatı rəsmi İrəvanın etirazına səbəb olub.

Elxan SALAHOV

Oxşar xəbərlər