27.09.2025, 12:15
AZ EN
26.09.2025, 17:51 109

Rəqibləri Paşinyana qarşı birləşə bilmir

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan siyasi meydanda əsas rəqibləri olan Baş nazir Nikol Paşinyana qarşı mübarizədə vahid komanda şəklində birləşə bilmir. Onlar nə Paşinyana qarşı impiçment məsələsində, nə də gələn il keçiriləcək parlament seçkilərində iştirakla bağlı fərqli mövqedədirlər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Sərkisyan və Köçəryan Paşinyana qarşı birləşsə də, Ter-Petrosyan müxalifətin əsas qanadı kimi tamamilə fərqli siyasət yürüdür. Erməni deputat İşxan Saqatelyan parlamentdə keçirilən dinləmələr zamanı bildirib ki, onun da üzvü olduğu “Ermənistan” fraksiyası Baş nazirə qarşı impiçment təşəbbüsünə qoşulub. Onun sözlərinə görə, deputatların imzaları təqdim olunan layihəyə əlavə olunmaq üçün təşəbbüskar “Şərəfim var” fraksiyasına verilib.

İmpiçment təşəbbüsünün müəllifi keçmiş prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının “Şərəfim var” parlament fraksiyasıdır. “Ermənistan” fraksiyasına gəlincə, bu, digər sabiq prezident Robert Köçəryana bağlı qüvvələrin blokudur.

Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı var. “Ermənistan” fraksiyası isə parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır. Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.

Erməni mətbuatı yazır ki, Levon Ter-Petrosyan impiçment təşəbbüsündə olduğu kimi, seçkilər məsələsində də Köçəryan-Sərkisyan komandasına qoşulmaq istəmir. Belə ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyası 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Onun müavini Levon Zurabyan deyib ki, partiya seçkilərlə bağlı digər siyasi qüvvələrlə əməkdaşlığa hazırdır, amma bunun üçün əvvəlcə qarşılıqlı razılaşma olmalıdır: “Erməni Milli Konqresi əsas rola can atmır, sadəcə digər qüvvələrlə əməkdaşlığa hazırdır. Ter-Petrosyanın seçkilərdə mühüm rol oynayacaq. İndiki halda Erməni Milli Konqresi Partiyası nə Robert Köçəryan, nə də Serj Sərkisyanın rəhbərlik etdiyi siyasi qüvvələrlə ittifaq və ya vahid siyasi hərəkat yaratmaq fikrindədir".

Petrosyanın müavini etiraf edib ki, hazırda Ermənistanda müstəqil olaraq hakimiyyət dəyişikliyinə nail ola biləcək qüvvə və partiya yoxdur.

Elxan SALAHOV

Oxşar xəbərlər