24.04.2026, 15:44
AZ EN
24.04.2026, 13:06 175

Qubadlıda iki kəndin bərpası yekunlaşmaq üzrədir

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.  

“Vətən səsi” xəbər verir ki, başa çatmaqda olan Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında həyata keçirilən layihələr keçmiş məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışını sürətləndirir. Bu cür layihələrinin uğurla icra olunduğu ünvanlarından biri də Qubadlı rayonudur. Rayonun Mahruzlu və Zilanlı kəndlərində tikinti-quruculuq işləri sürətlə davam edir. Mahruzlu kəndinin yenidən qurulması üçün ayrılan 197 hektar torpaq sahəsinin 40,27 hektarlıq hissəsində ilkin mərhələ üzrə işlərə başlanılıb. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin icraçı direktoru Növrəs Cəfərov AzTV-yə açıqlamasında söyləyib ki, Mahruzlu kəndində 190 fərdi yaşayış evinin tikinti işləri yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, hər bir fərdi yaşayış evinin həyətyanı sahəsi 12 sot təşkil edir. Əlavə olaraq həyətyanı sahədə köməkçi tikililər də mövcuddur.

Zilanlı kəndində isə birinci mərhələ üçün 44 hektar torpaq sahəsi ayrılıb. Bu yaşayış məntəqəsində hər birində 12 sot həyətyanı torpaq sahəsi olan 193 fərdi yaşayış evi inşa edilib: “Hər iki kəndin ərazisində sel və yağış sularından mühafizə tədbirləri də görülür”.  

Bundan başqa, Qubadlı rayonunda daha bir neçə böyük layihənin icrası planlaşdırılır. Belə ki, Qubadlı şəhər 1-ci yaşayış kompleksinin layihələndirilməsi başa çatıb, tezliklə ilk yaşayış binalarının tikintisnə başlanılacaq. Şəhərin baş planına uyğun olaraq ilkin mərhələdə 192 mənzildən ibarət 6 ədəd 4 mərtəbəli yaşayış kompleksinin inşası nəzərdə tutulur. Eyni zamanda Xanlıq kəndinin layihələndirilməsi də artıq yekunlaşıb. Burada həm fərdi yaşayış evlərinin, həm də qeyri-yaşayış binalarının tikinti işlərinə başlanılacaq.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər