“Vətən səsi” xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində məlumat yayıb. O, özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib.
Bununla da separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib. Belə ki, o, "dövlət naziri" postuna gətirilib.
Xatırladaq ki, Ermənistandakı “Hraparak” bu gün səhər saatlarında Xankəndidə ictimai-siyasi vəziyyət daha da gərginləşdiyini və Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın istefa verə biləcəyini yazmışdı. Məlumatda bildirilirdi ki, Arutyunyan və Nersisyanın istefasından sonra separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçəcək.
Araik Arutyunyan “Laçın” nəzarət-buraxılış məntəqəsinin qaçaqmalçı quldurların üzünə bağlanmasından sonra çıxılmaz vəziyyətdə qalıb. BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı heç bir sənəd qəbul edilmədiyini və bir aydan çox davam edən təxribat xarakterli kampaniyaların nəticəsiz qaldığını görən separatçı-terrorçu dəstənin lideri istefa vermək məcburiyyətində qaldığını etiraf edib. O, bu qərarını BMT-nin məlum iclasından dərhal sonra qondarma “Artsax hökuməti”nin iclasında bəyan etmişdi.
Elxan SALAHOV