02.04.2026, 18:53
AZ EN
02.04.2026, 16:08 205

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunan və yenidən qurulan Kəlbəcər şəhərinə aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində sayca 6-cı köç reallaşıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.

Bu köçün məhz aprelin 2-nə təsadüf etməsi rəmzi məna daşıyır. Belə ki, 33 il əvvəl - 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. Onilliklər boyu kəlbəcərlilərin yaddaşında ağrı və ayrılıq günü kimi qalan bu tarix artıq dövlətimizin qüdrəti sayəsində dirçəliş və doğma yurda qovuşma günü kimi yenidən yazılır. 33 il əvvəl məhz bu gün yurdlarından didərgin düşən sakinlər, indi elə həmin təqvim günündə Kəlbəcərə sevinc və qürur hissi ilə qayıdırlar.

Köçlə gələn ailələri Kəlbəcər şəhərindəki I yaşayış məhəlləsində əlində bayraq tutmuş məktəblilər qarşılayıb, Dövlət Himnini ifa ediblər.

Kəlbəcər şəhərinin I yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıblar.

Sonra ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr sevinc hissi ilə yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik və yüksəksürətli internetlə təmin edilib.

Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə, 162 ailənin (680 nəfər) qayıdışı təmin olunub. (AZƏRTAC)

Oxşar xəbərlər