Şəhərin 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı bir müddət əvvəl təmin edilib. Hazırda burada 103 ailə, ümumilikdə 403 sakin yaşayır. Digər yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir və bu istiqamətdə yeni mərhələyə start verilib. Artıq 5-ci yaşayış kompleksi üzrə tikinti işlərinə başlanılıb. Sözügedən kompleks 12 məhəllədən ibarətdir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəzarəti altında salınan məhəllələr üzrə ümumilikdə 50 bina layihələndirilib. Bunlardan 40-ı yaşayış, 10-u isə qeyri-yaşayış binası kimi nəzərdə tutulub. Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1074 mənzil planlaşdırılır.
Bundan əlavə, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlamaq üçün hazırlıq işləri görülür. Həmin kompleks 13 məhəllədən ibarət olacaq. Eyni zamanda yaxın vaxtlarda yenicə bərpa edilən Ağdam Cümə məscidinin yardımçı tikililərinin və şəhərdə çoxfunksiyalı inzibati binaların da tikintisinə start veriləcək.
Röya SALMANQIZI