02.04.2026, 17:22
AZ EN
02.04.2026, 15:29 212

Kəlbəcər 33 il əvvəl

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu gün Kəlbəcərin işğalından 33 il keçir. Bir qənirə. Kifayət qədər böyük itkidir. Hadisələrə kənardan baxıb səhvləri götür-qoy etmək və bunların bir daha təkrarlanmaması üçün yanlışlıqlardan nəticə çıxarmaq gərək…

Rayonun işğalı ilə bağlı vaxtilə müharibənin iştirakçısı olmuş döyüşçülərdən, kəlbəcərli ziyalılardan, sadə insanlardan fərqli fikirlər eşitmişik. Müəyyən qüvvələr ötən 33 ildə belə belə bir rəy formalaşdırmağa çalışıblar ki, Kəlbəcər döyüşsüz ermənilərə təslim edilib, ordu Kəlbəcəri qorumayıb və sair. Hətta “Kəlbəcəri satdılar” deyənlər də çoxdur. Amma bütün bunların hamısı tamamilə yanlış, heç bir əsası olmayan və bəzi hallarda siyasi maraqları olan qüvvələrin məqəsdli şəkildə ortaya atdığı fikirlərdir.

1993-cü il fevralın əvvəlində Ağdərə rayonu istiqamətində hücuma keçən ermənilər ayın sonuna qədər ordumuzun burada uğurlu döyüşlər aparan qüvvələrini geri çəkilməyə məcbur etdilər. Taktiki cəhətdən əhəmiyyətli Ağdərə-Kəlbəcər yoluna nəzarəti tam şəkildə ələ keçirən düşmən Kəlbəcərlə əlaqəni kəsərək Azərbaycan ordusunun sağ cinahdan müdafiə olunan qüvvələrini, eləcə də Laçın rayonunun şimal kəndlərində müdafiədə dayanan hərbi qüvvələri ordumuzun əsas qüvvələrindən ayırdılar. Məhz həmin vaxtdan Kəlbəcər faktiki olaraq mühasirə vəziyyətinə salındı. Kəlbəcər rayonunda müdafiə olunmaqla sərhədçi funksiyasını yerinə yetirən yerli hərbi birləşmələr – “Kəlbəcər batalyonu” kimi tanınan 712 saylı özünümüdafiə taboru, Xalq Cəbhəsi batalyonu mühasirəyə düşdülər. Halbuki 712-ci tabor buna qədər istər Ağdərə istisqamətində, istərsə də Laçında bir çox uğurlu döyüş əməliyyatlarında fəal iştirak edən qüvvələrdən hesab olunurdu. 1993-cü ilin fevralında isə daha çox sərhəd zastavalarında müdafiədə dayanan həmin qüvvələr bir tərəfdən Ermənistan istiqamətindən hücuma keçən erməni-rus ordu birləşmələrinin, digər tərəfdən Ağdərədə vacib yüksəklikləri ələ keçirən erməni qoşunlarının, üçüncü tərəfdən isə qarlı dağları ilə keçilməz olan Murovdağ silsiləsinin əhatəsində qalmışdı. Onlar az sayda olsalar belə, mövcud qüvvə və imkanlarını səfərbər edib mümkün olan qədər düşmənə müqavimət göstərdi. Mümkün olmadıqsa isə...

Martın 26-da ermənilərin Ağdərə istiqamətindəki 3 motoatıcı alayı və 1 tank taboru Kəlbəcərə hücuma keçmişdi. Həmin hücum zamanı Azərbaycan ordusuna qarşı 7 döyüş vertolyotundan istifadə olunub. Vertolyotlardan ikisini 701 saylı briqadanın 1-ci taborunda xidmət edən topçular tərəfindən məhv edilib. 80-dən çox canlı qüvvə itirən ermənilər Çərəkdar kəndi istiqamətindən Kəlbəcərə daxil ola bilmədi...

Bununla belə, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın psixoloji cəhətdən müharibəyə hazır olmaması, işğalçıların qəfil hücumu və döyüşlərin pərakəndə aparılması Kəlbəcərin də müdasiəsində acı nəticələrini göstərdi. Üstəlik, döyüş əməliyyatlarını öz nəzarəti altına ala biləcək vahid komandanlığın olmaması səbəbindən ilk baxışdan keçilməz görünən Kəlbəcər dağları dümən hücumunun qarşısında sədd ola bilmədi. İşğalçılar rus ordusunun birbaşa dəstəyi və iştirakı ilə martın 27-də Ağdaban kəndi yaxınlığındakı yüksəklikləri ələ keçirməklə hərbi-taktiki məqsədinə - əhali arasında panika yaratmağa nail ola bilmişdi. Ağdabanın müdafiəsində dayanmış bölüyün komandiri Ülfət Kərimovun şəhid olmasından sonra döyüşçülərin mövqelərdən geri çəkilməsi Kəlbəcərin işğalını bir az da sürətləndirdi…

Kapitan (indi polkovnik) Balay Nəsibovun komandiri olduğu 370 nəfərlik şəxsi heyətdən ibarət 3-cü tabor Ermənistanla 110 kilometrlik sərhəddə 10 zastavada müdafiədə dayanmışdı. Düşmən iki polkla həmin zasatavalara hücuma başladı. Tabor martın 26-dan aprelin 2-dək müdafiədə möhkəm dayansa da, düşmənin kəşşfiyyat qrupları sərhəddən sızaraq Kəlbəcər şəhərində öz planlarını həyata keçirməyə müvəffəq olmuşdu.

Əsgər çatışmırdı, dümmən isə hərbi texnikalarda olduğu kimi canlı qüvvə sarıdan da xeyli üstün idi, təxminən 12-nin 1-ə nisbətində. Yəni, düşmənin 12 döyüşçüsü qarşısında  Azərbaycanın 1 əsgəri dayanmışdı. Bununlas belə, həmin döyüşlərdə 29 əsgərini itirən tabor mülki əhalinin təxliyəsinə şərait yarada bilib.

Sonradan 703-cü briqadanın komandiri Nəcməddin Sadıkovun göstərişi əsasında Bərdə taboru da Kəlbəcərə köməyə gəlib. Hər iki tabor aprelin 4-dək düşmənə qarşı müqavimət göstərib və yalnız həmin gün Kəlbəcəri tərk ediblər. Ermənistana ən yaxın məsafədə yerləşən Yellicə və Zəylik zastavalarının əsgərləri isə mühasirə şəraitində döyüşməklə yalnız aprelin 7-də mühasirəni yararaq Murov istiqamətində çıxa bilmişdi.

Polkovnik Əzizağa Qənizadənin komandiri olduğu 701-ci briqadaya isə yalnız martın 30-dan 31-ə keçən gecə səhərəyaxın əmr verilir ki, Laçında müdafiədə dayanmış həmin qüvvələr Kəlbəcər rayonuna çəkilməli və işğalın qarşısının alınmasına kömək etməlidir. Amma artıq gec idi, Kəlbəcəri müdafiə etmək üçün bütün imkanlar əldən verilmiş, əsas strateji yüksəkliklər düşmənin nəzarətinə keçmişdi. Üstəlik məsafənin uzaqlığı, sərt dağlıq relyief şəraiti Laçındakı hərbi qüvvələrin Kəlbəcərə gələrək lazımi mövqelərdə yerləşməsini ləngidirdi. Əgər Laçındakı hərbi qüvvələrin Kəlbəcərdə dislokasiyasına bir neçə gün əvvəl başlanılsaydı, düşmənin hücumlarının qarşısını almaq olardı. Təəssüf ki, ölkənin hərbi rəhbərliyi müvafiq əmri vaxtında verməmişdi. Bir neçə gün ərzində müqavimət göstərən azsaylı qüvvələrisə düşmənin genişmiqyaslı həmlələrinə tab gətirməyərək geri çəkilmək məcburiyyətində qalmışdı.

Cəbhədəki hərbi uğursuzluğun genişlənməsi fonunda ölkə rəhbərliyi qarşısında mühüm bir məsələı vardı: Necə etməli ki, Kəlbəcərdə əhalinin kütləvi məhvinə imkan verilməsin?

Başqa bir məsələ də vardı: əhalinin təxliyəsi ordunun müqavimətini daha da azaldacaq. Ona görə də ölkənin siyasi rəhbərliyi belə qərara gəlir ki, qadınlar, uşaqlar, xəstələr və imkansızlar, hətta heyvanlar təcili təxliyə olunsun, kişilər isə orduya dəstək məqsədilə Kəlbəcərdə qalsın. Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəyin bu göstərişi əsasında qadın və uşaqların təxliyəsi üçün helikoperlərin Kəlbəcərə aramsız reyləri təşkil olunur. Lakin vertolyotlardan bir düşmən tərəfindən vurulur, digəri qayaya çırpılaraq qəzaya uğrayır. Bundan sonra ölkə rəhbirliyinin göstərişi əsasında Kəlbəcər əhalisinin təxliyəsinə kömək məqəsədilə bir neçə xarici ölkədən, o cümlədən Türkiyə, Pakistan və Çeçenistandan vertolyotlar istənildə də, Bakının çoxsaylı xahişlərinə müsbət adekvat cavab verilmir.

Altmış min nəfərə yaxın əhalisi olan Kəlbəcər cəmi bir neçə gün ərzində tamamilə boşaldılır. Yalnız ölkənin daxili imkanları hesabına əhalinin bir hissəsinin təxliyəsini təşkil etmək mümkün olsa da, heç bir kömək olmadan yeriyə bilməyən, Murovun qarşlı aşırımlarından keçmək imkanı olmayan yüzlərlə dinc sakini xilas etmək mümkün olmadı. Əksəriyyəti qadın, qoca və uşaq olan həmin insanların çoxunun taleyi hələ də məlum deyil…

Elxan SALAHOV

Oxşar xəbərlər