17.06.2025, 03:54
AZ EN
04.03.2022, 11:00 563

Zəngəzur mahalı: Qafanın özü və adamları...

ŞƏRQİ ZƏNGƏZUR

Keçmiş Zəngəzur mahalının ərazisi 7892 kv.km olmaqla, 7 inzibati rayonu əhatə edirdi: Sisyan, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın. Mahal qərbdən Zəngəzur, şərqdən Qafan dağları ilə əhatə olunmuşdur. Digər tərəfdən isə keçmiş Şərur-Daralagöz (Dərələyəz- İ.M.) mahalının və İranın Qaradağ dağ silsiləsinin araya aldığı bu mahalın əhalisi etibarlı və cəsur türklər idi.

Zəngəzur dağ silsiləsini təşkil edən Artiz, Salıq, Mergiz, Xustup, Kəpəz, Keçəldağ, Qapıcıq dağları daim qarla örtülü olur. Bəzi yerlərdə bu dağların zirvəsi 3906 metrə çatır.

Çox qədim zamanlardan türk torpaqları olan Zəngəzur mahalına sonrakı dövrlərdə məqsədli şəkildə ermənilər köçürülərək burada məskunlaşdırılmışdır. Çar Rusiyasının himayəsinə arxalanan ermənilər yerli əhali olan azərbaycanlıları incidir, onları dədə-baba yurdlarından didərgin salırdılar. 1905-1906-cı illərdə, eləcə də 1918-1920-ci illərdə Zəngəzurda dəhşətli qırğınlar baş vermişdir. Erməni millətçiləri qaynar samovarı azərbaycanlıların kürəyinə bağlayıb dağdan üzüaşağı getməyə məcbur edir, qadınların bətnindən körpəsini çıxarıb süngüyə taxır, yaşlıları, uşaq və qadınları diri-diri yandırırdılar. Çar hakimləri isə ermənilərin cinayətlərinə göz yumur, azərbaycanlıların doğma yurdlarını tərk etmələrinə şərait yaradırdılar.

Çar Rusiyasının varisi olan keçmiş sovet imperiyası isə daha qanlı səhifələrin yaradıcısına çevrildi. Belə ki, əzəli və əbədi türk torpaqları olan Zəngəzur mahalının Sisyan, Gorus, Qafan və Mehri rayonlarını Ermənistan SSR-ə verməklə, həmin ərazilərdən azərbaycanlı əhalinin sıxışdırılıb çıxarılmasına imkan yaratdı, Naxçıvanı da, faktiki olaraq, Azərbaycanın əsas ərazilərindən ayrı saldı. Hələ bu az imiş kimi, mənfur ermənilər tərəfindən kəndlərimizin və qədim yaşayış məskənlərimizin adları dəyişdirilir, tarixi və milli-mənəvi abidələrimiz dağıdılır, tariximiz saxtalaşdırılırdı.

Təkcə onu demək kifayətdir ki, Zəngəzurun ermənilərə verilən hissəsində XIX əsrin əvvəllərində yüz minlərlə azərbaycanlı yaşadığı halda, XX əsrin 80-ci illərində həmin ərazilərdə onlar çox az sayda qalmışdılar. Bu gün bütövlükdə erməni işğalına məruz qalan Zənzəgur mahalına daxil olan rayonlardan biri də Qafan idi. 428-ci ildən İran, 640-885-ci illərdə ərəb xəlifələrinin əlində olan bu torpaqlar 1103-cü ildə Qapan adlandırılıb. 1170-ci ildə səlcuq türkləri, XIII əsrin 30-cu illərində monqol xanları, XV əsrdə Qaraqoyunlu, sonra Ağqoyunlu hakimiyyətlərinin tərkibində olan Qapan 1639-cu il Türk-İran müqaviləsinə görə İrəvan xanlığına verilib. 1730-cu ildə osmanlı qoşunlarının, 1735-ci ildə isə Nadir şahın əlinə keçən Qafan 1829-cu ildən Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edilmişdir.

1930-cu il sentyabrın 9-da yaradılan Qafan rayonunu ərazisi 1345 kv.km-dir. Bir respublika tabeli şəhər, bir rayon tabeli şəhər, 19 kənd sovetliyində birləşən 58 yaşayış məntəqəsindən ibarət olan Qafan rayonundakı toponimlərin bəzilərinin tarixi hətta əsatirlərə qədər gedib çıxır.

Burada Qoca Qapcıq dağı, Sarı Xustup dağı, İşıqlı dağı, Oğlannıca dağı, Qapçıçay dərəsi, Bəsit çayı və s. türk mənşəli olmaqla yanaşı, adları dəyişdirilməmiş toponimlərdir. Lakin rayonda xeyli sayda yaşayış məntəqəsi və meşə, çay, bulaq, qala adları, digər yerlərdə olduğu kimi, erməniləşdirilmişdir.

Keçmiş Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə adları dəyişdirilmiş azərbaycanlı yaşayış məntəqələrinin etimologiyası çox maraqlıdır: Qarabaşlar, Kırs, Kurud, Oxdar, Çobanlı, Şəhərcik, Atqız, Qatar, Baharlı, Kığı, Kərd, Xələc, Müsəlləm, Girətağ, Gödəkli, Çayzəmi, Şotalı və s.

Onu da qeyd edək ki, Qafan rayonu Ermənistanın tərkibinə verilsə də, burada yaşayan soydaşlarımız dinimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, onları daha da zənginləşdirmişlər.

1948-ci ilədək keçmiş Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin  katibi işləmiş Məmməd İsgəndərov, uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş Ənvər  Əlixanov, Şuşa Qəza Soveti İcraiyyə Komitəsinin ilk sədri Bəşir Bünyadov, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitə­sinin Şərq ölkələri şöbəsinin müdiri, sonralar Azərbaycan SSR daxili işlər naziri işləmiş general-mayor Məmməd Əlizadə, Zaqafqaziya Respublikaları Daxili Qoşunlarının komandiri, general-mayor Teymur Bünyadov, Hərbiləşdirilmiş  Xüsusi İdarənin rəisi olmuş Şəmsi Rəhimov, Azərbaycan mədəniyyəti və tarixi barədə sanballı əsərlərin müəllifi, tarix elmləri doktoru Sabir Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Oqtay Əsədov kimi ictimaiyyətdə və ümumiyyətlə, cəmiyyətdə aparıcı mövqeyə malik olan şəxsiyyətlər də məhz Qafan rayonunda doğulub boya-başa çatmışlar.

Qafan rayonu təkcə ictimai-siyasi xadimlər deyil, cəmiy­yətin bütün sahələrində öz dəsti-xətti olan ziyalı bir nəsil yetişdirmişdir: professorlar Bəhlul Ağayev, Ələkbər Qurbanov, Arif Şəkəralıyev, Bəhruz Paşayev, Arif Əfəndiyev, Cəlal Azad-Əliyev, həmçinin şair Hafiz Baxış, Opera və Balet Teatrının solisti Əli Mehdiyev, müğənni Rəhilə Bəndəliyeva və onlarca başqaları Qafan rayonunun müxtəlif obalarında dünyaya göz açsalar da, pərvazlanıb Azərbaycan dünyasında tanınmış, şan-şöhrət qazanmışlar.

Əsl ziyalı, vətənpərvər pedaqoq İsa Mehdiyev söhbət əsnasında onu da bildirdi ki, sovet hakimiyyətinin ilk illərində Şəhərcik və Kığı kəndlərində orta, Gödəkli kəndində isə 7 illik məktəblər açılmışdı. Sonralar digər kəndlərdə də 8 illik və orta məktəblər fəaliyyət göstərdi ki, bunun da nəticəsində xeyli sayda ziyalılar, alim və mühəndislər yetişdi. «Yeri gəlmişkən deyim ki, Şəhərcik orta məktəbinin inkişafında, burada yaradılan şəraitin tələbata uyğun olmasında xalqımızın qeyrətli oğlu, alim-pedaqoq, uzun illər həmin orta məktəbə direktorluq etmiş Sabir Əsədovun rolu əvəzsizdir, - deyə həmsöhbətim vurğulayır. - Əməkdar müəllim, məktəb inspektoru Nüsrət Şıxəliyev də məhz həmin məktəbin yetişdirmələrindəndir. Qaraçimən kəndindən Nazim Qasımov (uzun illər Bakı şəhərində məktəb direktoru vəzifəsində çalışıb), Yuxarı Gödəklidən Hüsü Həsənov, Siznək kəndindən Qüdrət Səfərov, Şəhərcikdən Kamil Məmmədov, Şahsuvar Ələkbərov, Rafael Şıxəliyev, Atağudan İbrahim Bəxtiyarov, Kığıdan Təhməz Quliyev, Acıbağ kəndindən Ümid Əsədov və başqaları da Qafan məktəblərində yetişib boya-başa çatmış alimlərdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Qafan rayonu Ermənistana verilsə də, bu yerlərdə müqəddəs ocaqlarımız, pirlərimiz də işğala qədər öz varlığını qoruyub saxlamışdır. Qaraçimən kəndində Pircəviz piri, Siznəkdə Beldaş, Gecaranda (Kacaran) Pirdavdan piri, həmçinin Ağoğlan piri daim ziyarətgah olmuş, soydaşlarımızın minillik inanc yeri kimi müqəddəsləşmişlər.

Ermənistan SSR-ə verilsə də, istər sovetlər dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra elmin, təhsilin, mədəniyyətin inkişafına layiqli töhfə vermiş Qafan ziyalıları bu gün də Azərbaycan dövlətinin inkişafında və sosial-mədəni tərəqqisində fəal iştirak edirlər. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşən soydaşlarımız içərisində sözügedən bölgənin ziyalılarının öz yeri vardır.

Onu da qeyd edək ki, 27 sentyabr 2020-ci ildə başlayan, cəmi 44 günə Zəfərlə başa çatan Vətən müharibəsində Zəngəzur mahalının igid oğulları qəhrəmanlıqlar göstərmişlər. İndi tarixi Zəngəzurun şərq hissəsinin, otuz illik erməni işğalından qurtarılmış doğma yurdlarımızın yenidən qurulması, abadlaşdırılması üçün böyük işlər görülür. Bütövlükdə Zəngəzura özünün əsl sahiblərinin qayıdacağı gün də uzaqda deyildir....

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR