15.04.2026, 17:34
AZ EN
15.04.2026, 14:40 203

Konstitusiya dəyişikliyi: Paşinyan xalqı inandırır ki...

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ana qanunu olan Konstitusiyanın dəyişirilməsi və ya yenidən yazılmasına səbəbəbləri barədə geniş açıqlama ilə çıxış edib. O, həmin səbəblərdən danışarkən deyib ki, Konstitusiya dəyişikliyinin əsas məqsədlərindən biri ölkədə ədalətli məhkəmə sisteminin qurulmasına nail olmaqdır.

"Vətən səsi" xəbər verir ki, Baş nazir Ermənistanın hazırkı Konstitusiyasını sərt tənqid edərək orada çoxlu çatışmazlıqların olduğunu dilə gətirib: "Mən Ermənistanda institusional səviyyədə ədalət və ədalətli mühakimə hissinin mövcud olmadığını düşünürəm. Baş verən qanunsuzluqlar Konstitusiyadan qaynaqlanır? Yaxud, Konstitusiya şərin və ədalətsizliyin köküdürmü? Mənə görə bu suallar əvvəllər olduğu kimi, indi də çox aktualdır. Ona görə də belə məsələlər yaxın gələcəkdə yeni Konstitusiyanın qəbul edilməsi ilə həll olunmalıdır. Yeni hazırlanmış Konstitusiyanın ekspertlər səviyyəsində müzakirəsi zamanı xüsusi diqqət yetirilməli olan ən vacib məsələlərdən biri budur".

Paşinyan bildirib ki, Ermənistanda ədalət və ədalətli mühakimə əsasən, xalqla üzvi əlaqəsi olmayan, təcrid olunmuş institutlar tərəfindən idarə olunur. Onun sözlərinə görə, bu qurumlar cəmiyyət qarşısında kifayət qədər hesabatlılıq və məsuliyyətə malik deyillər: "Bu sualın ardınca gedərkən mən özüm üçün belə bir nəticəyə gəldim ki, ədalət və ədalətli mühakimə Konstitusiya və qanunlara uyğunluq deməkdir. Əgər Konstitusiyanın özü hakimiyyətin ali mənbəyi hesab olunan xalqla üzvi əlaqəyə malik deyilsə, nə etməliyik? Belə bir problem varsa, onun həll yollarını axtarmalı deyilikmi?".

Ermənistan Baş naziri vurğulayıb ki, bu vəziyyətdə istənilən fəaliyyət cəmiyyət tərəfindən ədalətli kimi qəbul edilməyəcək. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul edilməsi cəmiyyətin dövlətə inamını və etimadını doğrultmaq, onun hüquqlarını ədalətli şəkildə qorunmasına təminat yaratmaq üçün lazımdır: "Konstitusiya xalqın azad iradəsinin ifadəsi olmalıdır, amma etiraf etməliyik ki, bizdə belə bir Konstitusiya yoxdur və heç vaxt olmayıb. Əgər həmin iradənin mənbəyi, yəni ədalət və ədalətki mühakimənin de-yure çıxdığı yer xalqla əlaqəni itiribsə, bu mexanizmin işləməsi heç vaxt xalq tərəfindən ədalət kimi qəbul edilə bilməz".

Nikol Paşinyan bunun fundamental problem olduğunu söyləyərək Konstitusiya dəyişikliyinin qaçılmaz olduğunu bir daha erməni xalqının diqqətinə çatdırıb.

Elxan SALAHOV

 

Oxşar xəbərlər