15.04.2026, 13:32
AZ EN
15.04.2026, 12:57 106

Ağdamda regional konfrans: “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər”

QARABAĞ
  • Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans işə başlayıb.

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi əsaslar üzərində qurulduğunu və bu sahədə məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə dini müxtəliflik və multikultural mühit qorunaraq inkişaf etdirilir, vicdan azadlığı təmin olunur və tolerantlıq ənənələri gücləndirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dini-mənəvi dəyərlərin qorunması, tarixi-dini abidələrin bərpası və din xadimlərinə göstərilən dövlət qayğısı bu sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

V.Həsənov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdam rayonunda dini və tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Ağdamın Cümə, Qiyaslı məscidlərinin bərpası və digər dini ibadətgahların yenidən qurulması milli-mənəvi irsə göstərilən diqqətin bariz nümunəsidir. Eyni zamanda, rayon ərazisində dini vəziyyətin sabit olduğu, dini icmalarla mütəmadi iş aparıldığı və maarifləndirmə tədbirlərinin həyata keçirildiyi vurğulanıb. Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən tədbirlərin müsbət nəticələr verdiyi diqqətə çatdırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevə təqdim olunan Ağdam Cümə məscidinə aid daş parçasının illər sonra işğaldan azad edilmiş əraziyə qaytarıldığını xatırladıb. O vurğulayıb ki, bu hadisə xalqımızın sarsılmaz iradəsinin, tarixi ədalətin bərpasının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

R.Məmmədov deyib ki, Azərbaycanda dövlət-din münasibətləri möhkəm hüquqi baza və səmərəli institusional mexanizmlər əsasında qurulub, Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipi çərçivəsində vicdan azadlığı təmin edilir, dini icmaların fəaliyyəti qanunvericiliklə tənzimlənir. Bu mexanizmlər həm dini azadlıqların qorunmasına, həm də zərərli ideoloji təsirlərin qarşısının alınmasına xidmət edir. Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi cəmiyyətin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dini radikalizm heç bir dinin mahiyyətini əks etdirmir və bu kimi təhdidlərə qarşı mübarizə ideoloji, maarifləndirici və sosial müstəvilərdə kompleks yanaşma tələb edir.

Milli Məclisin deputatı Elman Məmmədov Yaxın Şərqdə baş verən proseslər fonunda konfransın mövzusunun aktuallığını qeyd edib. Müəyyən dövrlərdə öz xeyirləri naminə dindən silah kimi istifadə edərək pozuculuq fəaliyyəti göstərən qüvvələrin cəmiyyətimizə zərər vurmağa cəhd etdiyini bildirib. Hər zaman ölkəmizə və dövlətçiliyimizə qarşı xaricdən zərərli müdaxilələrin olduğunu da diqqətə çatdıran deputat söyləyib ki, bunun qarşısını almaq üçün din xadimlərimiz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında qurmalıdırlar.

Regional konfrans işini panel iclaslarla davam etdirir. (AZƏRTAC)

Oxşar xəbərlər