Bunu açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, mina təhlükəsinin real nəticələri özünü acı faktlarla göstərir.
“Belə ki, ANAMA əməkdaşının mina partlayışı nəticəsində həlak olması və ümumilikdə 2020-ci ildən bəri 422 nəfərin mina qurbanına çevrilməsi problemin aktuallığını bir daha təsdiqləyir. Bu statistika göstərir ki, mina problemi hələ də ölkə üçün əsas təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Hazırda Azərbaycan dövləti bu mürəkkəb vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da ölkənin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir. Bununla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində diqqət və resursların müxtəlif qlobal böhranlar arasında bölüşdürülməsi mina probleminin beynəlxalq gündəmdə lazımi səviyyədə yer almamasına səbəb olur. Bir sıra beynəlxalq aktorlar regionda aktiv hərbi əməliyyatların dayandırılmasını sabitlik kimi qiymətləndirsələr də, mina təhlükəsi faktiki olaraq münaqişənin “gizli irsi” olaraq qalmaqdadır. Ərazilərin mürəkkəb relyefi, təhlükəsizlik riskləri və mina xəritələrinin qeyri-dəqiqliyi beynəlxalq və yerli təşkilatlar üçün əməliyyatların planlaşdırılmasını çətinləşdirir. Mina təhlükəsi bərpa və yenidənqurma proseslərinə də birbaşa təsir göstərir”,-deyə o vurğulayıb.
R.Nəbiyev bildirib ki, təhlükəsizlik riskləri bütün sahələrdə fəaliyyəti məhdudlaşdırır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir. Yol, enerji və su infrastrukturu layihələrinin icrası yalnız ərazilər tam təmizləndikdən sonra mümkün olur ki, bu da layihələrin müddətini uzadır və xərcləri artırır: “Eyni zamanda, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyət sahələri mina təhlükəsi səbəbindən tam potensialına uyğun inkişaf edə bilmir. Bu isə regionun iqtisadi reinteqrasiyasını ləngidən əsas amillərdən biri kimi çıxış edir. Mövcud vəziyyət onu göstərir ki, mina probleminin həlli yalnız milli səviyyədə deyil, beynəlxalq humanitar gündəlik çərçivəsində qiymətləndirilməlidir. Bu baxımdan bir sıra vacib istiqamətlər ön plana çıxır. Bunlara beynəlxalq donorların daha fəal cəlb edilməsi, minatəmizləmə texnologiyalarına investisiyaların artırılması, beynəlxalq təşkilatlarla koordinasiyanın gücləndirilməsi və mina probleminin qlobal platformalarda daha aktiv şəkildə qaldırılması daxildir”.
Deputatın sözlərinə görə, BMT tərəfindən müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur və Azərbaycan da bu məqsədlər əsasında öz milli inkişaf prioritetlərini müəyyənləşdirib.
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsə əsasən, humanitar minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul olunması ideyası bu problemin qlobal miqyasda tanınmasının vacibliyini önə çəkir. Hazırda ölkəmizin diplomatik səyləri bu istiqamətdə beynəlxalq dəstəyin artırılmasına yönəlib. Bundan əlavə, mina təhlükəsi yalnız insan həyatına deyil, həm də mədəni irsə, ətraf mühitə və bioloji müxtəlifliyə ciddi ziyan vurur. Bu baxımdan problem çoxşaxəli və uzunmüddətli fəsadlara malikdir. Azərbaycan bu reallığı nəzərə alaraq, minaların mədəni irs obyektlərinə vurduğu ziyanın beynəlxalq səviyyədə tanınması istiqamətində də ardıcıl addımlar atır”, - deyə Rizvan Nəbiyev əlavə edib. (AZƏRTAC)