Baharlı kəndinin yerli əhalisi Əli Şəkər bəy Baharlının və onun nəslindən olan Mirzə Vəli bəy Baharlının övladlarıdır. Baharlı tayfaları Azərbaycan tarixində böyük rol oynamış, dövlətçiliyimizin yaradılması və möhkəmlnməsində milsilsiz rol oynamışdır. Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə rast gəlinir. Bu soyadı ilk dəfə 15-ci əsrdə yaşamış Əli Şəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi.
1993-cü ildə erməni faşistləri tərəfindən işğal edilən kənd 2020-ci ilin 21 oktyabrında Azərbaycan Silahlı qüvvələri tərəfindən azad olunmuşdur. Baharlı kəndində orta məktəb, ikimərtəbəli universam, kitabxana, tibb məntəqəsi, klub və s. var Uzun illər məktəbin direktoru işləmiş Ağamirzə Əhmədov da bu kəndin yetirməsidir. Əhalisinin sayı az olmağına baxmayaraq, dövlət xadimi, alimlər, yazıçı-publisist yetişdirmişdir. Azərbaycanın dövlət xadimi, polis general-mayoru Məhəmməd Əsədov, professorlar – Xostan Vəliyev, Zahid Məmmədov, naşir-publisist, uzun illər “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru işləmiş Məhəmməd Baharlı və başqaları Baharlı kəndindən pərvazlanmışdılar. Kənd həm də təbii gözəlliyə malik ərazidə - böyük çinar meşəsinin içərisindən axıb gələn Bəsitçayın Araza qovuşan hissəsində salınmışdır. Baharlı adlı kənd çox yerlərdə var. Məhəmməd Baharlı danışırdı ki, bir vaxtlar Özbəkistana getmişdik. Yolda yaşıllığa bürünmüş bir kənd gördük. Soruşduq ki, kəndin adı nədir, dedilər Baharlı. Doğrusu bu kənd mənə çox doğma gəldi.
Birinci Qarabağ müharibəsində, eləcə də Vətən müharibəsində baharlılar da şücaətlər göstərmiş, şəhidlər vermişlər. Bu gün işğaldan azad edilən Zəngilanda böyük abadlıq, tikinti işləri böyük vüsət alıb. Artıq Ağalı kəndinə sakinlər köçüblər. Lap yaxn vaxtlarda digər bölgələrimizdə, eləcə də Baharlı kəndində ocaqlar tüstüləyəcək, işıqlar yanacaq, insanlar doğma torpaqda xoşbəxt həyata qovuşacaqlar. Bütün bunlar üçün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk.
İsa MUSAYEV