15.04.2026, 11:14
AZ EN
15.04.2026, 09:24 37

Üç əzizini şəhid vermiş Xankəndili xanımın ibrətamiz hekayəti

QARABAĞ
  • Qarabağ müharibəsi Azərbaycan xalqına həm də Vətən yolunda canını fəda etməyə hazır qəhrəman, cəsur və qorxmaz övladlarını tanıtdı. Bu müharibə beş övladının beşini də cəbhəyə göndərən, onlardan üçünü qazi, ikisini şəhid kimi qarşılayan ata-anaları da üzə çıxardı. Hətta yeganə övladını Vətən yolunda şəhid verən anaları da gördük. Şəhid oğlunun tabutu qarşısında məğrur və qürurlu dayanan analar...

Qarabağın mərkəzi sayılan Xankəndi şəhərindən olan Şahmuradovlar ailəsi də belələrindəndir. Polkovnik-leytenant Təranə Şahmuradova Ermənistanın təcavüzünə qarşı müharibədə iki əzizini itirib - qardaşları Natiqlə Namiqi və ömür-gün yoldaşı Tahir Zeynalovu.

Natiq və Namiq Şahmuradov qardaşları 1992-ci ildə Şuşada vuruşublar. Milli Ordunun zabiti olan Natiq  1992-ci ilin mayında Şuşanın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Namiq isə həmin döyüşlərdə itkin düşüb. Aradan 34 il keçməsinə baxmayaraq, ondan bu günədək heç bir xəbər yoxdur.

Təranə Şahmuradova 1965-ci ilin sentyabrın 5-də Xankəndidə ziyalı ailəsində dünyaya gəlib. Anası Faizə xanım 52 il Xankəndi şəhərində sinif müəllimi işləyib. Çox xoşbəxt və qayğısız ailədə dörd övlad böyüyüb: iki bacı və iki qardaş. Dördü də ali təhsil alıb. Həmişə bir yerdə gəzib-dolaşır, birlikdə səyahətə çıxardılar. İstirahət günləri ailənin başçısı – Əmirxan Şahmuradovun ağ rəngli,  “Volqa”sı ilə tez-tez Ağdama, Şuşaya gəzməyə gedərdilər. O vaxt ailənin böyük övladı Natiq Ağdamda yaşayırdı...

Təranə xanım özü də ermənilərin Qarabağda törətdiyi vandalizm aktlarından birinin - Kərkicahan faciəsinin şahidir: “Biz Kərkicahanda yaşayırdıq, 1991-ci ildə noyabrın 15-də qəsəbədən vertolyotla çıxmışam. Amma atam-anam, qaynanam və qaynatam doğma yurdunu çox çətinliklə tərk etdilər. Kərkicahan düz 4 il ermənilərlə ilə üz-üzə qaldı. 1988-ci ildən 1991-ci ilin sonlarına qədər bütün bunlar mənim gözlərim önündə baş vermişdi”.

“Hər iki qardaşımı Şuşanın işğalı günü itirmişəm.1992-ci il mayın 7-dən 8-nə keçən gecə. Natiq Şuşa Polis şöbəsinin zabiti idi. Mənim əkiz tayım olan Namiq isə “Qarabağ” mehmanxanasının təsərrüfat müdiri vəzifəsində işləyirdi. Mayın 8-də Natiq Şuşada döyüşərək qəhrəmancasına şəhid oldu. Həmin gün Şuşa həbsxanası ətrafında döyüşlərdə vuruşaraq məhbusların azad edilməsi və onların sənədlərinin götürülməsi onun üzərinə düşmüşdü. Bütün bu işlərin hamısını o elədi. Qardaşım Namiq də həmin itkin düşdü. Natiqin nəşini yoldaşım Bakıya gətirdi, onu Şəhidlər Xiyabanında dəfn etdilər. Bundan 6 ay sonra 1992-ci il noyabrın 8-də yoldaşım, polis serjantı Zeynalov Tahir Bahadur oğlu Ağdərə döyüşlərində şəhid oldu”, - deyə Təranə Şahmuradova həyatının ən ağır günlərini xatırlayır.

Ulu Öndərə məktub

Yaşadığı faciələrdən özümə gələ bilmyən Təranə Şahmuradova 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Gəncəyə səfəri zamanı ona məktubla müraciət edir. Məktubda qardaşlarının və həyat yoldaşımın yolunu davam etdirmək istəməsində yazıb. Onda o, Gəncədə fəaliyyət göstərən və qardaşı Natiqin adını daşıyan Kərkicahan qəsəbə tam orta məktəbində həm müəllim, həm də direktor müavini vəzifəsində çalışırdı: “Məktubdan sonra Daxili İşlər orqanlarında işə qəbul olundum. 1998-ci ildən 2022-ci ilin oktyabrınadək Gəncə Şəhər Baş Polis İdarəsində qeydiyyat şöbəsinin rəisi işlədim və polkovnik-leytenant kimi təqaüdə çıxdım. Şükür, indi torpaqlarımız azaddır. Hələ Gəncə şəhərində məktəbdə yenicə işə başlayanda ilk dəfə yağan yağışı seyr elədim. Dedim ki, bu necə yağışdı, bizdə yağış da ayrı cür yağır. Gördüm iş yoldaşlarım mənə qəribə baxdılar. Dedim ki, mənə belə baxmayın, Qarabağda, Xankəndidə, Kərkicahanda yağış belə yağmır. Bizdə günəş də fərqli çıxır, yağış da ayrı cür yağır. Şükür Allaha, torpaqlarımız azaddır, ilk dəfə 2024-cü il martın 16-da Xankəndiyə getdim. Şəhərə daxil olanda yağış başladı. Bu, 32 il əvvəl gördüyüm yağış idi. Tez o anları telefonun yaddaşına köçürdüm. Heyf, ömrümüzdən keçən Vətənsiz o 32 ilə... Mənim özümün şəxsi dərdim böyük oldu, amma durdum ayağa, qalxa bildim. Şəhid doğmalarımın yarımçıq qalmış arzularını davam etdirdim, övladları böyütdüm. Bununla bərabər qəlbimizdə bir Vətən dərdi, həsrət, ağrı var idi. Şükür, üstümüzdən bu yük götürüldü. Artıq ikinci ildir ki, öz vətənimdəyəm, Xankəndidə - doğma el-obamdayam. 2025-ci ildə dekabrın 23-də mənə ev verildi”.

“Həsrətində olduğum ota, çiçəyə sığal çəkirəm”

Təranə xanım hər səhər yuxudan oyanan kimi həyətə çıxır, ətrafı seyr edir, bir anlığa “Grəsən, bu həqiqətdirmi, doğrudanmı, öz yurdumdayam” deyə düşünür. Uzun ayrılıqdan sonea doğma yurdda yaşamağın sevincini ifadə etməyə söz tapmır.

“Bu hissləri dərk eləmək üçün gərək mənim yerimdə olasan. İllərdi xatirəyə çevrilən elimiz, havamız, bulağımız, meşəmiz indi bizimdi və biz onlara qovuşmuşuq” deyir.

Bir yandan da kövrəlir. Axı, buradan gedəndə ailə bütöv idi...

“Şükür, övladlarım var, amma anam yox, atam yox, onlar görə bilmədilər bu torpaqları. Anam Gəncədə yataqxanada yaşayanda həyətdə gül əkirdi ki, aparıb öz həyətimdə əkəcəyəm. Meşədən bənövşə də gətirmişdi. İndi mən o çiçəkləri əkmişəm ki, anamın da ruhu şad olsun. Doğulduğum evə hər həftə gedirəm və o qapıdan tək içəri keçirəm...”

Təranə Şahmuradova hazırda doğma Xankəndidə “Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Departamentində aparıcı məsləhətçi vəzifəsində çalışır. Sevinir ki, yenə öz torpağında doğma el-obaya xidmət edir: “Bizə bu gözəl anları yaşadan, bu günləri qismət edən Allaha şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi qorusun. Biz - bütün ailəmiz Prezidentimizi çox sevirik. Allah həmişə İlham Əliyevin başını uca eləsin, bayrağımız necə ki, Xankəndidə dalğalandı, həmişə də belə dalğalansın!”

Söhbətləşdi: Mina RƏŞİD

Oxşar xəbərlər