Süleyman Qarabağ Universitetinin tələbəsi kimi öz təəssüratlarını bizimlə bölüşdü. O bildirdi ki, Xankəndidə, Qarabağ Universitetində oxuduğu üçün böyük qürur hissi keçirir: “İllər öncə televizorda Qarabağın gözəl bölgələrini izləyirdim və həmişə ora getmək arzusu ilə yaşayırdım. Öz-özümə düşünürdüm ki, görəsən, Qarabağ nə vaxt işğaldan azad olunacaq və mən o torpaqlara gedə biləcəyəmmi?! Allaha şükürlər olsun ki, burada oxumaq mənə nəsib oldu və artıq 2 ildir ki, Qarabağ Universitetində təhsil alıram”.
Süleymanın özünün də söylədiyi kimi, bu gün Xankəndidə yaşamaq və Qarabağ Universitetində təhsil almaq onun üçün bir möcüzə kimidir: “Heç ağlıma gəlməzdi ki, bu torpaqlar işğaldan azad olunanda mən də burada tələbə kimi oxuyacağam. Xankəndi şəhərini çox sevirəm. Şəhərin füsunkar təbiəti var, xüsusilə, sübh çağı havası çox sərin və təmiz olur. Xankəndidən danışmaqla bitməz. Azərbaycanın müxtəlif şəhərlərindən, kəndlərindən olan insanların bu torpaqda toplaşması bura xüsusi rəngarənglik qatır. İlk dəfə bura gələndə çox fərqli hisslər keçirirdim. Şəhəri gəzməkdən doymurdum. Xankəndi küçələrinin özünəməxsus bir ab-havası var...”
Süleyman deyir ki, Qarabağ Universitetinin müəllim heyəti tələbələrlə çox mehriban və səmimi davranır”. Burada təhsilin keyfiyyəti də əladır, müəllimlər yüksək ixtisaslıdır və hər biri öz sahəsində peşəkar insanlardır. Bu barədə çox danışmaq olar. Bir sözlə, oxuduğum universitetdən çox məmnunam!”- deyə tələbə-gənc razılığını bildirir.
Mina RƏŞİD