2024-cü ildən Xankəndi şəhərində fəaliyyətə başlayan və 1154 tələbəni ixtisaslı mütəxəssis kimi hazırlayan Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərdə yerləşən ilk ali təhsil müəssisəsidir. Hazırda bu təhsil ocağında 6 fakültə üzrə kadr hazırlığı aparılır. 2026-cı ildə fəaliyyətini genişləndirən universitetdə yeni ixtisaslar açılıb.
Laçın şəhər 2 nömrəli tam orta məktəbi, Zabux, Ağalı, Talış kəndlərində, habelə Şuşa, Füzuli, Xocalı və Xocavənd rayonlarında fəaliyyət göstərən məktəblərdə də şagird-müəllim kontingenti ildən-ilə böyüyür. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbi və Füzuli şəhərində Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı isə regionun ən iri ümumtəhsil müəssisəsi sayılır. Hər iki orta məktəb üçün 960 şagird yerlik müasir tədris binası inşa edilib. Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi "Ağıllı kənd" layihəsi çərçivəsində distant təhsil imkanları ilə təchiz olunub.
Ağdam şəhərində yerləşən məktəbdə həm də STEAM mərkəzi fəaliyyət göstərir. Cəbrayıl şəhərində Mehdi Mehdizadənin adını daşıyan məktəb rayonun bərpa edilən təhsil infrastrukturunun əsas hissəsidir. Xankəndi, Xocalı və Laçın şəhərlərində, Laçının Sus və Zabux, Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərində körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Ümumilikdə torpaqlarımızın işğaldan azad olunduğu son 5 ildə həmin ərazilərdə 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib. Ağdərə şəhər və kənd, Xocalı şəhər, Kəlbəcər rayon mərkəzində və iri kəndlərdə, Cəbrayılda yeni inşa edilən yaşayış kompleksləri daxilindəki məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisi davam edir. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Xocavənd rayonunda, Tərtərin Suqovuşan və Talış kəndlərində ümumtəhsil müəssisələri üçün yeni binaların tikintisi nəzərdə tutulur.
Röya SALMANQIZI