27.06.2025, 12:27
AZ EN
21.03.2022, 18:20 490

…O günləri bir an da unutmadıq! Şükür bu günə!

QARABAĞ

Tanınmış araşdırmaçı-jurnalist Elxan Salahov özünün Facebook səhifəsində doğma yurdu  Kəlbəcərdə 29 il əvvəl keçirdiyi sonuncu Bahar bayramının xatirəsini bölüşüb.

Həmkarımızın qeydlərini təqdim edirik:

“Rayonu üzük qaşı kimi mühasirədə saxlayan ermənilər hər fürsətdə içərilərə soxulur, yeni mövqelər ələ keçirirdi. Qulaqlarımız güllə səsinə öyrəşmişdi, az qala hər gün şəhid verirdik. Hamı səksədə idi, amma heç kəs yurdunu tərk etməmişdi, həyat öz axarı ilə davam edirdi...

Ağdabanda "Qrad" qurğusunun təsirindən qulağım kar olmuşdu, hərbi hissənin tibb məntəqəsində müalicə olunurdum. İlaxır çərşənbədən bir-iki gün sonra komandirdən icazə alıb kəndə getdim. Başlbelin Bahar bayramını heç vaxt belə sönük və sıxıntılı görməmişdim. Ağ örpəyə bürünmüş kəndimizdə qarın altında qaralan Novruz tonqallarının yerini gördükcə kədərlənirdim. Həyətimizdə çərşənbə tonqalının yerini və yarımçıq yanmış ardıc kollarının ətrafa səpələnmiş qol-budağını görəndə lap kövrəlmişdim. "Yəqin güclü qar tonqalın axıra qədər yanmasına imkan verməyib" - qarşılaşdığım mənzərəni özülüyümə belə izah edirdim. Pilləkəndən evə qalxarkən gözüm "Ortalıq" adlandırdığımız mərkəzi meydana sataşdı. Hər il Novruzun ilk çərşənbəsindən yumurta döyüşdürənlərin, bir-biri ilə bayramlaşan, şənlənən gənclərin toplaşdığı meydanda tək-tük adam vardı. Həmişə qaynarlığı və qələbəliyi ilə diqqət mərkəzində olan meydan indi çox boz və sönük görünürdü...

Heç bir həftə çəkmədi, Kəlbəcər işğal olundu. Düz 28 il keçdi. Amma o günləri bir an da unutmadıq, hər bayramda yenidən yaşadıq! Bu illər ərzində nələr yaşamadıq?!

Şükür bu günə! Yurdumuz azaddır! Şəhidlərimizə rəhmət!

Əziz dostlar və yurddaşlar! Hər birinizə sıxıntısız, qəmdən-kədərdən uzaq bayramlar, sevinc dolu illər arzulayıram! Bu Bahar evlərimizə, el-obamıza və məmləkətimizə xeyir-bərəkət, əmin-amanlıq, işğaldan azad olunmuş yurdlarımıza dirçəliş, abadlıq və qaynar həyat gətirsin!”

Oxşar xəbərlər