04.05.2026, 19:22
AZ EN
04.05.2026, 17:52 7

Erməni vandalizminə məruz qalmış Şuşa karvansaraları: Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansarası nümunəsində

QARABAĞ
  • Şuşanın memarlıq abidələri sırasında karvansaralar xüsusi yer tutur. Qarabağ xanlığında İslam memarlığına uyğun olaraq, şəhər salınarkən dövlət əhəmiyyətli və ictimai məqsədlərlə bir sıra tikililərin inşası zəruri idi. Əlbəttə, bunların içərisində xanlığın iqamətgahı, qala divarları, məscidlər, ovdanlar və karvansaralar ilk sırada gəlirdi. Şuşa şəhərində inşa edilmiş karvanasaralar haqqında ətraflı məlumatları Baharlının “Əhvalat-i Qarabağ” və Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərlərində görürük. Baharlı öz əsərində şəhərdə inşa edilmiş karvansaralar və onların sonrakı taleləri haqqında məlumatları daha dəqiqliyi ilə qeyd edib. Baharlının verdiyi məlumatlardan aydın olur ki, Şuşanın bəyləri və zəngin adamları karvansara inşasına xüsusi diqqətlə yanaşırdılar. Ola bilsin, Şuşa şəhəri dövrünün ticarət mərkəzlərindən biri olduğu üçün karvansaralara böyük ehtiyac var imiş.

Bu fikirlər AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayevin “Erməni vandalizminə məruz qalmış Şuşa karvansaraları: Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansarası nümunəsində” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, XIX əsrin sonlarında Şuşa şəhərində fəaliyyət göstərən əsas karvansaralardan biri də Məşədi Hüseyn Mirsəyyaf oğlunun mehmanxana tipli karvansarası idi. Bu tikili haqda ətraflı məlumatı Həsən İxfa Əlizadə qeyd edir: “Bu bina-karvansara Şuşanın dindar varlılarından olan Məşədi Hüseyn Mirsəyyaf oğlu tərəfindən yuxarı məscidə vəqf olunub”.

Karvansaranın əsas səciyyəvi xüsusiyyətlərdən biri də üzərinə dörd hissədən ibarət kitabənin əlavə edilməsidir. Kitabələr fars dilində olmaqla nəstəliq xətti ilə yazılıb. Kitabələrdə Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansaranı vəqf etməsindən və ianə edilmiş əmlakın istifadə təyinatı haqqında bəhs edilir. Yazılardan məlum olur ki, Məşədi Hüseyn “Məscid-i Əqsa-yi Hüsniyyə” adlı məscid inşa etdirmiş və sahib olduğu karvansaranı, eyni zamanda, illik gələn gəlirləri həmin məscidə vəqf edib.

Kitabədə qeyd edilən məlumatlardan aydın olur ki, bu tarixi abidə 1889-cu ildə Məşədi Hüseyn Mirsəyyaf oğlunun vəsaiti ilə Kərbəlayi Səfixan tərəfindən inşa edilib.

Bu tikili istər böyüklüyünə, istərsə də memarlıq xüsusiyyətinə görə şəhərdəki digər karvansaralardan seçilirdi. Karvansara memarlıq quruluşu baxımından iki mərtəbədən ibarət daş bina idi. Buna görə bu tikiliyə yerli əhali arasında ikimərtəbəli karvansara da deyilir. Karvansaraının birinci mərtəbəsində 25 dükan, ikinci mərtəbəsində isə 25 mənzil mövcud idi. Bundan əlavə, ikinci mərtəbədə təxminən 9x8 metr ölçüdə məscid ziyarətçilərin istifadəsinə verilmişdi.

Ən yaxşı Avropa mehmanxanalarında olduğu kimi, sözügedən karvansarada qonaqlara dərzilər, papaqçılar, bərbərlər və çəkməçilər xidmət göstərirdilər. Karvansara öz gözəl xidməti ilə tacirləri və səyyahları cəlb edirdi. Birinci mərtəbədə isə müxtəlif ticarət mağazaları vardı.

Erməni işğalı dövründə karvansara vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş, onun zəngin ekstreyeri və interyeri tamamilə dağıdılaraq yarasız hala salınmışdı.

İşğal olunmuş ərazilərdə mədəni və maddi sərvətlərin, mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi Azərbaycan xalqına yönəlmiş böyük bir cinayətdir. Düşmən tərəfindən tarixi abidələrimizə qarşı həyata keçirilmiş vandalizm aktları bu torpaqlarda aborigen Azərbaycan xalqının izlərini silməyə və işğal olunmuş ərazilərin zor gücü ilə erməniləşdirilməsinə hədəflənmişdi. Bununla onlar saxta “qədim erməni tarixi” yazaraq dünya ictimaiyyətini aldatmağa cəhd ediblər.

Tarixi abidələrimizə qarşı bu cür barbar münasibət ümumbəşəri mədəniyyətə yönəlmiş təhdid kimi qəbul edilməlidir. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlər sistemli şəkildə araşdırılmalı, tədqiqatların nəticələri beynəlxalq təşkilatlara ötürülməli, eyni zamanda, bu istiqamətdə ardıcıl və məqsədyönlü şəkildə tədbirlərin görülməsi davam etdirilməlidir. (AZƏRTAC)

Oxşar xəbərlər