04.05.2026, 19:02
AZ EN
04.05.2026, 17:36 42

Makron Köçəryanla Sərkisyanı aşağıladı

XƏBƏRLƏR
  • Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin İrəvanda keçirilən toplantısında Robert Köçəryan və Serj Sərkisyanı aşağılayan bəyanatla çıxış edib. O, deyib ki, Nikol Paşinyan məxməri inqilab yolu ilə Köçəryan-Sərkisyan rejimini hakimiyyətdən devirməklə həm də Ermənistanı Rusiyanın boyunduruğundan xilas edib.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Makron deyib ki, erməni cəmiyyəti 2018-ci ilə qədər olan dövrdəkindən indi daha çox inkişaf edib. O, Robert Köçəryanın və Serj Sərkisyanın hakimiyyətdə olduğu dönəmlərdə Ermənistanı Rusiyanın peyki kimi xarakterizə edib.

"Səkkiz il əvvəl Ermənistan Rusiyanın peyki idi. 2018-ci ilə qədər heç kim Ermənistana gəlməzdi, amma indi ölkənizə bu qədər ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir. Çünki 8 il əvvəl bu ölkə de-fakto Rusiyanın peyki kimi qiymətləndirilirdi", deyə - Makron Ermənistan Baş nazirinə xitabən söyləyib.

Fransa prezidenti xüsusi olaraq vurğulayıb ki, Nikol Paşinyan 8 il əvvəl inqilab edərək Ermənistanı çətin durumdan çıxarıb: "Bu dəyişiklik sülhü və Avropanı prioritet istiqamət kimi seçdi".

Ermənistanda Serj Sərkisyanın rəhbəri olduğu müxalif "Respublikaçı" partiyasının Fransa prezidentinin aşağılayıcı ittihamlarına cavabı özünü çox gözlətməyib. Sərkisyanın müavini Armen Aşotyan Fransa prezidentini yalan danışmaqda suçlayaraq deyib ki, Emmanuel Makronun "Səkkiz il əvvəl heç kim Ermənistana gəlməzdi" ifadəsi ikiüzlülüyün yeni və tipik nümunəsidir: "Makron yalan danışdığını bilir, eynilə ölkəsi kimi. Ölkəsinin özündən əvvəlki prezidentləri - Jak Şirak, Nikola Sarkozi və Fransua Olland Ermənistanda olublar. Amma o, Paşinyanın xatirinə bütün dünyanın qarşısında hər kəsə yalan danışmağa hazırdır. Dost Fransa və onun dost xalqı qətiyyən belə bir şeyə layiq deyil".

Elxan SALAHOV

Oxşar xəbərlər