Prezident İlham Əliyev deyib: “Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun”.
Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın, bir-birinə arxa-dayaq olsun. Bu gün Türkiyənin artan gücü Azərbaycanı, Azərbaycanın inamlı addımları Türkiyəni gücləndirir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoyan deyib: “Dinimiz bir, dilimiz bir, ayımız bir, ilimiz bir, eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə!”.
Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluğu bütün dünya İkinci Qarabağ müharibəsi zamanı daha yaxından gördü. Hətta bu qardaşlıq və bərabərlik düşmən dövlətlərdə qısqanclıq hissi doğurdu və doğurur.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”,-deməsi bizə əlavə qürur, güc, inam verdi.
Prezident İlham Əliyev deyib: “Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan ilk gündən, ilk saatlardan əziz qardaşım sayın Cumhur başqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, net və açıq dəstək ifadə etmişdir”.
Bu, danılmaz faktdır ki, Türkiyənin uğurlu inkişafı, Azərbaycanla, necə deyərlər, can-cana, qana-qana olması ilk növbədə Rəsəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Ukraynadakı hadisələrin yaratdığı problemlərin həllində də R.T.Ərdoğanın nümayiş etdirdiyi mövqe, şəxsi səyləri bütün dünyada yüksək qiymətləndirilir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədirsə, bu Prezident İlham Əliyevlə yanaşı, həm də onun xidmətləridir.
“Təbii burada İHAlar, SİHAlar ciddi işlər gördülər. Bu müdafiə sahəsindəki münasibətlərimiz bundan sonra çox da fərqli bir şəkildə inkişaf etdiriləcəkdir. Bu fərqli inkişaf etmə ilə də davamlı olaraq bir bazar deyil, Azərbaycan bu işlərdə bir istehsal mərkəzi olma imkanına da nail olacaqdır”,-deyə Türkiyə Prezidenti vurğulayıb.
Qardaşlığın, sədaqətin rəmzinə çevrilən “Bir millət, iki dövlət” fəlsəfəsi Türkiyədə baş verən dəhşətli zəlzələnin yaratdığı fəsadların aradan qaldırılmasında da Azərbaycanı fərqləndirdi. Təbii fəlakətdən dərhal sonra ölkəmizin nümayiş etdirdiyi qardaş dəstəyi və həmrəylik bir daha göstərdi ki, Azərbaycan xalqı Türkiyənin dərdinə şərikdir.
Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçib. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyənin siyasi imkanları genişlənir. Dünyada oynadığı rol artır və bu, Azərbaycanı çox sevindirir. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın R.T.Ərdoğana dəstəyi nəticəsində mümkün olub. Bu ərəfədə Türkiyə seçkilərə hazırlaşır və əminik ki, türk xalqı bu dəfə də müdrik seçim edəcək. Çünki həm Türkiyənin, Azərbaycanın və eyni zamanda, əgər belə demək mümkünsə, bir çox dövlətlərin buna ehtiyacı var. Çünki Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu müddətdə haqlının yanında yer alıb və hər zaman da bəşəriyyəti bürüyəcək eybəcərliklərdən, insanlığı məhv edəcək terrorun caynağından qorumağa cəhd edir.
Tahirə AĞAMİRZƏ