17.06.2025, 04:04
AZ EN
27.05.2025, 11:19 218

Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşdır

YAZILAR
  • “Azərbaycan ilə Ukrayna arasındakı əlaqələr dərin köklərə malikdir”. 

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Deputat qeyd edib ki, ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər həmin dövlətlərin milli maraqları əsasında formalaşır və bu münasibətlər çoxsaylı sahələrdə əməkdaşlıqları əhatə edir.

“Ölkələrarası münasibətlərin qurulmasında tarixi bağlar, ortaq mədəniyyət, dil yaxınlığı və digər amillər mühüm rol oynayır. Təkcə rəsmi əlaqələr deyil, dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər də bu sistemin tərkib hissəsidir. Biz uzun illər eyni ittifaqın tərkibində yaşamışıq. O dövrdə də Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı əməkdaşlıq olub, bir çox şəhərlər qardaşlaşıb, sənədlər imzalanıb. Ticarət, mədəniyyət və humanitar sahələrdə münasibətlər inkişaf edib”.

Millət vəkili vurğulayıb ki, müstəqillik dövründə də bu əlaqələr davam edib və ümummilli lider Heydər Əliyev dövründə münasibətlər daha da genişlənib:
“Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri, verilən bəyanatlar və aparılan görüşlər münasibətlərin strateji və çoxşaxəli mahiyyətini əks etdirir”.

Vüqar İsgəndərov bildirib ki, hər bir dövlət xarici siyasətini milli maraqları əsasında qurur:
“Hansı ölkə ilə münasibət qurulacağını dövlətin maraqları müəyyənləşdirir. Bu, digər ölkələrə qarşı yönəlmir və heç bir təhdid yaratmır. Azərbaycan və Ukrayna arasında isti münasibətlər var və bu əlaqələr digər dövlətlərdə narahatlıq doğurmamalıdır. Burada heç bir qərəzli yanaşmaya ehtiyac yoxdur. Azərbaycanın münasibətləri müstəqil qərarlar əsasında formalaşır”.

O, Ermənistan və Rusiya arasında sıx münasibətlərə də toxunaraq qeyd edib ki, Rusiya Ermənistanı dəstəkləyib, silahlandırıb, bir sıra razılaşmalar imzalayıb.

“Biz bu münasibətlərin bizim əleyhimizə olduğunu görsək də, bunu ciddi irad kimi Rusiya qarşısında qaldırmamışıq”.

Deputat əlavə edib ki, Lavrovun Ermənistana səfəri, Paşinyanla görüşləri və ya onların Rusiyaya mütəmadi səfərləri fonunda Azərbaycan ictimaiyyəti buna xüsusi reaksiya verməyib:
“Eləcə də Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri tamamilə normal haldır. Bu, iki müstəqil dövlətin daxili siyasi qərarlarının nəticəsidir. Bu səfərlər spekulyasiyalara yox, qarşılıqlı maraqlar və səmimi əməkdaşlıq kontekstində qiymətləndirilməlidir. Azərbaycan və Ukrayna hər zaman bir-birinə hörmətlə yanaşıb və hər iki ölkə qarşılıqlı faydalı əməkdaşlıqdan maraqlıdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan nə Rusiya, nə də Ukrayna arasında gedən qarşıdurmalarda tərəf deyil:
“Biz hər iki ölkə ilə dost münasibətlərimizi qoruyuruq və siyasətimizi öz milli maraqlarımıza əsasən qururuq. Qonşu dövlətlər arasında sülhün və əməkdaşlığın tərəfdarıyıq”.

“Azərbaycan hər hansı ölkə ilə münasibət qurarkən bu prosesi digər dövlətlərdən icazə almadan, öz maraqları əsasında edir” – deyə deputat əlavə edib: “Biz münasibətlərimizi peşəkar və balanslı şəkildə qururuq. Əsas məqsədimiz sülh, əməkdaşlıq və regional sabitliyə töhfə verməkdir”.

Günel QULİYEVA

Oxşar xəbərlər

SON XƏBƏRLƏR