Deputat bildirib ki, 44 günlük müharibədə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2020-ci ilin 1 dekabrında Laçın rayonu qan tökülmədən qaytarıldı, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Millət vəkilinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna dəfələrlə səfər edib. Dövlət başçısı bir sıra açılışlarla yanaşı İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub. Prezident daim bu rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olur. Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçın şəhərinə ilk köçən sakinlərə evlərin açarlarını təqdim edib. Hazırda isə Laçın şəhərində yüzlərlə ailənin qayıdışı təmin edilib. Eləcə də, Laçının bir sıra kəndlərinə qayıdış baş tutub. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bütün infrastruktur və yaşayış məntəqələri ən müasir səviyyədə qurulur. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
“Bir sözlə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub və bu layihələr mərhələlərlə həyata keçirilir. Bütün bunlar onu göstərir ki, füsunkar gözəlliyə sahib Laçın rayonu qısa müddətdə bərpa edilərək dünyanın ən gözəl məkanlarından birinə çevrilib. Çünki Laçın cənnətin özüdür”, - deyə Fatma Yıldırım vurğulayıb.