26.09.2025, 17:03
AZ EN
26.09.2025, 14:34 246

Bakıda 13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” keçiriləcək

XƏBƏRLƏR
  • 2025-ci il oktyabrın 29-da Azərbaycanın paytaxtı Bakıda Xəzər, Qara dəniz və Baltik regionlarının enerji sektorunun əsas hadisələrindən biri olan 13-cü Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forum ənənəvi olaraq “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən təşkil olunur və Mərkəzi Asiya, Qafqaz və Qara dəniz regionlarının enerji gündəliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Qeyd edək ki, 13-cü Beynəlxalq “Caspian Energy Forum”un xüsusi sessiyası bu il bir qədər öncə “Caspian Energy Club” və “Forbes Georgia” jurnalının birgə təşkilatçılığı ilə Batumidə uğurla keçirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu forumun modeli əsasında digər ölkələrdə də oxşar tədbirlər təşkil ediləcək. Azərbaycanda keçiriləcək forum da eyni formatda baş tutacaq və iştirakçılar tədbir çərçivəsində müəssisələri ziyarət edəcəklər.

13-cü Beynəlxalq “Caspian Energy Forum”un əsas şüarı olan #NewEnergyForBusiness təkcə bərpaolunan enerji və enerji keçidi ilə bağlı deyil, həm də yeni iqtisadi yanaşmalar, innovativ biznes modelləri və regional əməkdaşlıq imkanları ilə əlaqələndirilir. Forumun məqsədləri sırasında, həmçinin COP29 və COP30 kimi beynəlxalq tədbirlərə hazırlıq kontekstində enerji gündəliyinin formalaşdırılması baxımından strateji əhəmiyyəti, bərpaolunan enerji və qaz layihələrinin tanıdılması, dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqun dərinləşdirilməsi, habelə davamlı enerji sahəsinə investisiyaların təşviqi dayanır.

“Yaşıl Enerjinin İstehsalı, Ötürülməsi və Maliyyələşdirilməsi” adlı ilk panel çərçivəsində Azərbaycanın yaşıl enerji mənbəyi və tranzit ölkəsi kimi potensialı; ESG və dayanılılıq sahələrinin inkişafı, milli strategiya və beynəlxalq əməkdaşlıq; sərhədlərarası enerji ötürülməsi və şəbəkə inteqrasiyası; Orta Dəhliz çərçivəsində “Yaşıl Enerji Dəhlizi” və “Black Sea Submarine Cable” təşəbbüsləri; Maliyyə institutlarının yaşıl enerji layihələrinə dəstəyi kimi genişmiqyaslı regional təşəbbüslər ön plana çıxarılacaq.

“Qaz Sektorunun Reallıqları və Enerji Keçidi” adlı ikinci paneldə qaz sektorunun enerji keçidindəki rolu və Avropanın təchizat təhlükəsizliyində Azərbaycanın rolu; qaz ixracı infrastrukturunun və imkanlarının genişləndirilməsi; bərpaolunan enerji ilə paralel inkişaf strategiyaları; enerji keçidi dövründə maliyyələşdirilmə çağırışları və modelləri ətrafında müzakirələr aparılacaq.

Forumda enerji, qaz, logistika və infrastruktur sahələrinin liderləri ilə yanaşı, beynəlxalq maliyyə institutlarının və investisiya fondlarının nümayəndələri, iri biznes qurumlarının rəhbərləri, diplomatik korpusların və dövlət strukturlarının rəsmi şəxsləri də iştirak edəcəklər.

““Caspian Energy Forum”a artan beynəlxalq maraq bir daha onu sübut edir ki, Azərbaycan və region ölkələri qlobal enerji keçidində strateji mövqeyə malik olmaqla yanaşı, dayanıqlı inkişafın təşviqi və innovativ həllərin reallaşdırılması baxımından da böyük potensiala sahibdir”,- deyə Telman Əliyev qeyd edib.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy EXIFOR Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs Group”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digərxidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, “meetup”lar və dəyirmi masalar təşkil edir. (AZƏRTAC)

Oxşar xəbərlər