Layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən mədəni canlanmaya öz töhfəsini verir.
Bu mərhələdə çəkiliş heyətinə filmin baş prodüseri Zaur Darabzadə, ssenari müəllifi və quruluşçu rejissoru, Xalq artisti Vaqif Mustafayev, filmin icraçı prodüseri Azər Quliyev və ümumilikdə 100 nəfərlik beynəlxalq peşəkar film heyəti daxildir.
Vaqif Mustafayev özünəməxsus üslubu və ictimai mövzulardakı bədii təfəkkürü ilə bu layihəyə yüksək sənətkarlıq bəxş edir. Onun rəhbərliyi ilə ərsəyə gələn bu ekran əsəri, Molla Nəsrəddin obrazını sadəcə satirik deyil, maarifçi və mənəvi irs daşıyıcısı kimi tamaşaçıya təqdim edir.
Vaqif Mustafayev bildirib ki, Molla Nəsrəddin təkcə gülüş və satiranın deyil, həm də zəka, ironiya və cəmiyyətin dərdlərinə bədii cavabın simvoludur: "Onun obrazını ekranlaşdırmaq mənim üçün həm böyük məsuliyyət, həm də mənəvi borcdur. Qarabağ torpağında bu filmi çəkmək isə əsl mədəni dirçəlişin göstəricisidir".
Layihə TÜRKSOY tərəfindən rəsmi şəkildə dəstəklənmiş və 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda quruma üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 40-cı iclasında qəbul edilib.
Filmin istehsalı 2023-cü ildə yaradılmış “Nasreddin Production” MMC tərəfindən TÜRKSOY ölkələrinin Mədəniyyət Nazirliklərinin dəstəyi ilə həyata keçirilir. Filmin çəkilişlərində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının pavilionlarından da istifadə olunur. Çəkilişlər Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da davam etdiriləcək.
Baş prodüser Zaur Darab-zadə vurğulayıb ki, bu layihə türk dünyasında ilk dəfə olaraq bütün türkdilli ölkələrin birgə əməkdaşlığı ilə ərsəyə gələn bədii filmdir:
"Biz təkcə Molla Nəsrəddin irsini yenidən yaşatmırıq, həm də türk dünyasının tanınmış prodüserləri ilə sıx əlaqə quraraq mədəni körpülər yaradırıq. Bu əməkdaşlıq xalqlarımızı ortaq dəyərlər ətrafında birləşdirir və Qarabağda çəkilən bu film gələcək nəsillər üçün həm tarixi, həm də mənəvi bir yadigar olacaq.”
Həmçinin qeyd edilib ki, bu beynəlxalq miqyaslı layihə türk dünyasının ortaq mədəni dəyərlərini bir araya gətirməklə yanaşı, Qarabağın bədii və tarixi simasının kino vasitəsilə tanıdılmasına mühüm töhfə verir. (Report)