09.03.2026, 21:07
AZ EN
22.12.2025, 13:02 512

Güləmail Muradın şəhidnamələri bir başqa cürdü...

XƏBƏRLƏR
  • Bu günlərdə Atatürk mərkəzində vətənpərvər şair, publisist, şəhidlərimizlə bağlı çoxsaylı əsərlərin müəllifi, AYB-nin əməkdaşı Güləmail Muradın 75 illik yubileyi və “Könül pıçıltıları” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov açaraq, Güləmail Muradın poetik dünyasından danışdı. Akademik bildirdi ki, Güləmail xanım texniki təhsil alsa da onun ruhu poeziya ilə yoğrulub. Çünki onun dünyaya göz açdığı Ağstafa-Qazax  torpağının, havasının özündə bir şeiriyyət var. Güləmail xanım illərdi ictimai-siyasi həyatın içindədi və bu hadisələri qələminin süzgəcindən keçirib oxucuya təqdim edir. Onun şeirləri türkçülük, turançılıq ideyaları ilə zəngindi. O, öz misraları ilə Vətəni, onun şəhidini, qazisini, torpağını, daşını əzizləyir. “Güləmail Murad heç kəsi təqlid eləmir, öz möhürü yazılarının içindədi, əsas olan odur ki, onun öz yolu var. Yaş keçdikcə onun istedadı daha da parlayır”. Natiq sonra sözü, onun öz dili ilə desək, Azərbaycanın ən gözəl tənqidçisi Əsəd Cahangirə verdi.

Tənqidçi Əsəd Cahangir sözünə belə başladı: “İnsan o vaxt rahat danışır ki, müəllif həm insan, həm də sənətkar kimi o sözlərə layiq olsun. Mən də indi çox rahat danışıram. Çünki xoşbəxtlikdən on ildr ki, Güləmail xanımla bir yerdə, bir otaqda çalışıram. Onu həm insan kimi müşahidə etmişəm. Həm də əsərləri, kitabları gözlərim önündə yaranıb. Güləmail xanımın şahidnamələri bir başqa cürdü. Əsərlərində müəllif oxucuya dərd aşılamır, onu Vətəni sevməyə çağırır. Bu əsərlər insanda bir qürur yaradır”. Gülmail Murad şəhidlərin anasıdı. O, turançıdı, böyük türk dünyasından, Qarabağdan, şəhiddən, qazidən yazır. Yazıları ilə dövlətçiliyimizə, milliyyətçiliyimizə xidmət edir. Güləmail xanımın 40-da çox kitabı var, onun poemaları da fərqlidir. “Dədə Heydər”, “Nuru paşa”, “Anar”, “Qənirə Paşayeva”, “Nizami Cəfərov” və başqa əsərləri böyük şəxsiyyətlərə həsr edilib.

Sonra söz AYB-nin katibi İlqar Fəhmiyə verildi. İlqar müəllim bir insan kimi Güləmail xanımın qadın müdrikliyindən danşdı. Qeyd etdi ki, o insanlar arasında xoş münasibət yaradan bir xanımdı. Ona bir işi tapşıranda arxayın olursan ki, əmin əllərdədi...

Tədbirdə Atatürk mərkəzinin direktor müavini Osman Ənvəroğlu, AMEA-nın əməkdaşı, professor Salidə Şərifova, ADPU-nun müəllimi, fəlsəfə doktoru Yeganə Qəhrəmanova, şair Elnur Uğur, Zərəngiz Dəmirçioğlu, Nazilə Gültac, Tofiq Fikrət, tələbə yoldaşı Hüseyn Novruzov, Bayram Aşıxlı, Arzu Nehrəmli, Dəyanət Osmanlı və başqaları çıxış edərək, Güləmail xanımın yazılarının özəlliyindən danışdılar.

Tədbirdə həmçinin “Könül pıçıltıları” kitabının poetik-estetik dəyəri, eləcə də, şairin ədəbi mühitdəki mövqeyi haqqında dəyərli fikirlər səsləndirildi.

Güləmail xanıma ən gözəl hədiyyələrdən biri də rəssam Sehran Allahverdinin ona həsr etdiyi portreti oldu.

Mina RƏŞİD 

Oxşar xəbərlər