27.06.2025, 17:18
AZ EN
10.05.2024, 12:34 309

Bu gün Əməkdar rəssam Fəxrəddin Əlinin doğum günüdür

XƏBƏRLƏR
  • AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş rəssamı olmuş, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam Fəxrəddin Vəli oğlu Əliyev 1938-ci il mayın 10-da Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində sənətkar ailəsində anadan olub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini Ordubad şəhəri Pedaqoji məktəbində davam etdirib. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbində, 1964-1969-cu illərdə Rəssamlıq İnstitutunda təhsil alan rəssamın “Babək qobeleni” diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. Rəssam əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb.

Fəxrəddin Əli 1970-ci ildə “Həyatın gözəlliyi” adlı rəsm ilə respublika sərgisində iştirak edib. M.Şəhriyarın “Heydərbabaya salam”, “Dədə Qorqud”, Nizami Gəncəvinin “Xəmsə”si, Saib Təbrizinin “Mehr və Müştəri”, Nəsrəddin Tusi, Nəsimi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və s. sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, “Şəhidlər” xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifi idi.

Rəssamın əməyi dövlət başçısı və akademiya rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2021-ci ildə isə o, müəllifi olduğu Nizaminin portretlərinin və “Xəmsə”nin beş poemasının hər birinə çəkdiyi yüzdən çox illüstrasiyaların (miniatür) yer aldığı nəfis tərtib edilmiş çoxcildliyə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

Fəxrəddin Əlinin əsərləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, eləcə də ölkəmizdə və xaricdə bir neçə muzeyin fondunda saxlanılır.

Tanınmış rəssam 2022-ci il fevralın 8-də dünyasını dəyişib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər