Noyabrın 16-da Azərbaycan Yazıçılar Birliyində (AYB) bu qurumun üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin qurucu-başqanı, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü olmuş və müxtəlif məsul vəzifələrində çalışmış nasir, şair “Qızıl qələm” mükafatı laurеatı Qənbər Şəmşiroğlunun anadan olmasının 90 illik yubileyi keçirilib.
"Vətən səsi" xəbər verir ki, ölkənin tanınmış ədəbiyyat adamlarının, Milli Məclisin deputatlarının və media nümayəndələrinin qatıldığı tədbiri giriş ilə AYB katibi Rəşad Məcid açıb. O, bildirib ki, 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olan Qənbər Şəmşiroğlu həyatının uzun dövrünü dövlətə xidmətdə keçirsə də ata-babadan ona keçən şairlik istedadını davam etdirib.
Mərhum şairin 90 illiyinin AYB də keçirilməsinə toxunan Rəşad Məcid bunun rəmzi mənasının olduğunu deyib:“Çünki, Qənbər müəllim bu binaya bağlı adam idi. Tez-tez gəlirdi”.
Tədbirin aparıcısı BDU-nun dekanı, şair Ələmdar Cabbarlı Qənbər Şəmşiroğlunun yaradıcılığından danışıb. O, deyib ki, Qənbər Şəmşiroğlu ədəbi mühitdə şair kimi tanınıb. Amma əslində onun nəsr əsərləri də kifayət qədərdir: "Qənbər Şəmşiroğlunun qələmə aldığı yazılarda klassik Azərbaycan ədəbiyyatının nümunəsi görünüb. O, həmçinin ictimai xadim kimi də sevilib”.
Xalq şairi Sabir Rüstəmxanlı da Qənbər Şəmşiroğlunun yaradıcılığından danışıb. Onun sözlərinə görə, Qənbər Şəmşiroğlunun istedadlı şair olmasının səbəbi ona ata-babasından keçən irslə bağlıdır: “Dədə Şəmşirin irsini oğlu Qənbər Şəmşiroğlu davam etdirdi. Sevindirici haldır ki, dövlət adamı, vəzifə adamı olmasına baxmayaraq, Cavid Qurbanov da bu yolu davam etdirir”.
Tədbirdə çıxış edən professor Şahlar Əsgərov, Əməkdar jurnalist Əlövsət Ağalarov , deputatlar Aqil Abbas, Fəzail Ağamalı, Jalə Əliyeva, Nazirlər Kabinetinin məsul əməkdaşı Qurban Sadıqov, tanınmış şair Adil Cəmil və başqaları Qənbər Şəmşiroğlu yaradıcılığından danışıb.
Qənbər Şəmşiroğlunun oğlu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov da atası haqqında xatirələrini bölüşüb. O, atasının həm də dövlət adamı kimi xalqa xidmətindəki yerindən danışıb: "İstər ulu öndər Heydər Əliyev, istərsə də prezident İlham Əliyev hökuməti dövründə ailəsi hər zaman dövlətin diqqətini görüb. Bizim ailə ilə bağlı 16 Prezident sərəncamı, fərmanı var. Atam , mən də dövlətimizin bu diqqətinə görə Prezidentimizə minnətdarlığımızı ifadə edirik”.
Xatırladaq ki, Qənbər Qurbanov 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur saz-söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.
Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib.
O, müxtəlif dövrlərdə bir sıra məsul vəzifələrdə çalışıb. Belə ki, 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-1974-cü illərdə Kəlbəcər Rayon Partiya Komitəsinin ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabrınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprelindən "Azərittifaq"da baş müşavir və eyni zamanda 1993-cü il aprel- 1994-cü il yanvar tarixlərində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Oənbər Qurbanov 2021-ci il dekabrın 30-da 88 yaşında vəfat edib.
Elxan SALAHOV