30.04.2026, 16:33
AZ EN
30.04.2026, 15:05 25

Qarabağ müharibəsinin ən ağır mirası: mina terroru

XƏBƏRLƏR
  • Otuz ilə yaxın davam edən erməni işğalı başa çatdıqdan sonra Azərbaycanın qarşısında yeni və eyni zamanda olduqca mürəkkəb mərhələ başladı. Ölkə üçün əsas prioritetlərdən biri azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təşkili oldu. Lakin bu proses gözləndiyindən daha çətin və uzun müddətli xarakter aldı. Bunun başlıca səbəbi həmin ərazilərin geniş miqyasda minalanması, partlamamış hərbi sursatlarla çirkləndirilməsi idi.

“Vətən səsi” xəbər verir ki, hazırda Azərbaycan mina ilə ən çox çirklənmiş ölkələr sırasında göstərilir. Rəsmi və texniki hesablamalara görə işğaldan azad edilmiş ərazilərdə 1,5 milyona yaxın mina basdırılıb. “Real TV”nin yaydığı məlumata görə, ümumilikdə 9 min kvadrat kilometrə yaxın ərazi müxtəlif növ partlayıcı vasitələrlə çirkləndirilib. Bu fakt təkcə hərbi baxımdan deyil humanitar aspektdə də böyük fəlakət deməkdir. Çünki mina təhlükəsi yalnız torpağı deyil, insanların həyatını, sağlamlığını və gələcəyini də hədəfə alır.

Statistik göstəricilər vəziyyətin nə qədər ağır olduğunu açıq şəkildə göstərir. 10 noyabr 2020-ci ildən 7 yanvar 2026-cı ilədək ümumilikdə 416 nəfər mina partlayışının qurbanı olub. İndiyədək ümumilikdə 3 mindən artıq vətəndaş mina, partlamamış sursatların təsirindən zərər görüb. Təəssüfki, bu rəqəmlər artan dinamika nümayiş etdirir. Hələ torpağın altında qalan yüz minlərlə partlayıcının gələcəkdə törədə biləcəyi təhlükələr isə vəziyyətin uzun müddət gündəmə qalacağını göstərir. Əgər ərazilər bu qədər minalanmamış olsaydı köç prosesi daha sürətli həyata keçirilə bilərdi. 

Hazırda mina təmizləmə əməliyyatları dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyən edilib. Bu sahədə əsas qurumlardan biri olan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi müvafiq dövlət strukturları ilə birlikdə genişmiqyaslı əməliyyatlar həyata keçirir. Təkcə fevral ayı ərzində 71 tank əleyhinə mina, 410 piyada əleyhinə mina və 1621 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Həmin müddət ərzində 4264,8 hektar ərazi partlayıcı qalıqlardan təmizlənib.  Mina terroru 30 illik işğalın ən ağır miraslarından biridir. Bu, birbaşa insanların yaşamaq haqqına, sərbəst hərəkət azadlığına və mülkiyət hüququna təsir edir. İndi Azərbaycan dövlətinin əsas hədəfi azad edilmiş əraziləri mina və partlamamış sursatlardan təmizləyərək  məcburi köçkünləri doğma yurd-yuvasına qaytarmaqdır.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər