30.04.2026, 16:33
AZ EN
30.04.2026, 14:40 86

Erməni mətbuatı Şahin Mustafayevdən nələr yazdı...

XƏBƏRLƏR
  • "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə ilə dünən Ermənistana səfər edən Şahin Mustafayevin erməni rəsmilərlə keçirdiyi görüş və həmin görüşdə əldə edilmiş razılaşmalar qonşu ölkənin yerli mətbuatında əsas mövzulardan birinə çevrilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətiniə sərgilənən münasibət görüşün rəsmi hissəsini az qala kölgədə qoyub.

"Vətən səsi" xəbər verir ki, erməni mətbuatı Azərbaycandan gələn hökumət nümayəndələrinə qarşı xüsusi diqqət göstərildiyini, yüksək səviyyəli təhlükəsizlik tədbirlərini, qonaqların qarşılanma və yolasalma mərasimlərini daha çox qabardıb. Belə ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə bağlı bundan əvvəl 12 dəfə görüş keçirmələrinə rəğmən erməni mediası  budəfəki görüşə xüsusi həssalıq nümayiş etdirib. Hətta hazırkı hökumətə qarşı barışmaz mövqeyi ilə seçilən müxalif yönlü nəşrlər də bu mövzu haqqında geninə-boluna məqalələr, şərh və təhlillər həsr edib. Ermənistanda kifayət qədər oxucu dairəsi olan "Hraparak" qəzeti isə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev haqqında ayrıca məqalə hazırlayıb. Məqalədə Şahun Mustafayevin Ermənistanın Noyemberyan icmasının Cucevan bölgəsində doğulduğu və həmin kənddə böyüdüyü xüsusi vurğulanıb. Nəşrin əməkdaşı Şahin Mustafayevin doğulduğu kəndə gedərək onu şəxsən tanıyanlarla, hətta müəllimləri ilə söhbətləşib. Kənd sankinləri Mustafayevin Cucevanda yaşayan yeganə azərbaycanlı ailənin tək oğlu olduğunu da söyləyiblər.

Şahin Mustafayevlə uşaqlığını bir yerdə keçirən Cucevan kənd orta məktəbinin müəllimi Yegişe Petrosyan onunla bağlı bəzi xatirələrini danışıb: "Biz onunla çox yaxşı dost idik, həmişə birlikdə oynayırdıq. Ona "Şahen" deyirdik. 1979-cu ildə, onun 14 yaşı olarkən Noyemberyandakı Karmirqyuğ dağında baltanı götürüb ağacın gövdəsinə adını yazmışdı, özü də erməni hərfləri ilə. Atası fermer idi, kənddə mal-qara saxlayırdı, özü çox yaxşı oxuyurdu, qiymətləri əla idi".

Cucevan məkəbində Erməni dili və ədəbiyyatı fənnini tədris edən Anuş Aleksanyan də Şahin Mustafayevi yaxşı xatırladığını, hətta onun müəllimi olduğunu deyib: "Bir dəfə dərsə gözləri qızarmış halda gəlmişdi. Sinfə girən kimi ondan nə olduğunu soruşdum, dedi ki, Stepan Zoryanın "Erməni qalası" əsərini oxuyub, çox təsirlənib. Şahinin hər kəslə münasibəti yaxşı idi. O, Cucevanda 8 illik məktəbi əla qiymətlərlə bitirəndən sonra təhsilini Noyemberyanda 2 nömrəli məktəbdə davam etdirdi. Oranı fərqlənmə diplomu ilə başa vurdu,  Qarabağ hadisələri başlayandan sonra Azərbaycana köçdülər".

"Hraparak" nəşri Şahin Mustafayevin 1979-cu ildə erməni dilində adını həkk etdiyi ağacın hazırkı vəziyyətdə fotosunu da yayıb.

Xatırladaq ki, Noyemberyan icması Tavuş vilayətində yerləşir. Erməni mətbuatı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına Şahin Mustafayevin rəhbərlik etməsini təsadüfi olmadığını yazır. Bildirilir ki, demarkasiya prosesi çərçivəsində Tavuş bölgəsində bəzi yerlərin Azərbaycana təhvil verilməsində məhz bu amil diqqətçəkən məqamlardandır.

Yeri gəlmişkən,  Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin r4əhbərlik etdiyi nümayəndə heyətinin bu səfərini "çox mühüm hadisə" adlandırıb. O, deyib ki,iki ölkənin Baş nazir müavinlərinin Azərbaycana və Ermənistana qarşılıqlı səfərlərini sülh prosesi çərçivəsində tarixi irəliləyiş hesab edirəm: "Mən çox şadam ki, biz bu mərhələyə çatdıq".

Elxan SALAHOV

Oxşar xəbərlər