Arzu xanım bütün bunları, doğma kəndini yenidən ziyarət etdiyini “Vətən səsi”nə danışdı.
“Kəndimizdən ayrılandan sonra Mingəçevirdə məskunlaşdıq. Atam Akif Tağıyev burada Tikinti Quraşdırma İdarəsində işə düzəldi. Orta təhsilimi Mingəçevirdə başa vurdum. 1993-cü ildə Bakıda Azərbaycan Pedaqoji Universitetinə daxil oldum. Sonuncu kursda oxuyanda ailə qurdum. Yoldaşım əslən Qax rayonundandır, ancaq Bakıda yaşayırdı. İki övladım var. Hazırda AMEA Tarix və Etnologiya İnstitunun əməkdaşı, “Xocalı Soyqrımını Tanıtma” İB-nin idarə heyətinin üzvüyəm”.
Arzu xanım bildirdi ki, bu yaxınlarda Ağdama gedib, doğma kəndini ziyarət edib. Deyir ki, şükür bu günümüzə. Dövlətimiz, Prezidentimiz sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram: “Getdim kəndimizi, evimizi gördüm. İlahi, kəndimiz necə gözəl imiş, heç uşaq olanda bunun fərqində olmamışdım. Buranın necə gözəl havası var, adamın üzünə dəydikcə sanki yenidən doğulursan, canlanırsan... Bizim evimiz dağların qoynundadı. Amma kəndin ortasındakı balaca dağ idi. Biz ona “Şelli təpəsi” deyirdik. Evimiz uçub dağıdılmışdı, yerində daş-kəsək qalmışdı. Amma insan o uçuq evini, həyətini görəndə necə sevinərmiş... Gah qaçırdıq o otağa, gah bu otağa. Mən dağıdılsa da yenə onlara “otaq” deyirəm. Çünki bizim uşaqlığımız o divarlar arasında keçib. Bax, bu pəncərədən həyətə, bundan təpəyə baxırdıq... Burdan Püstə nənəgilin həyəti görünürdü, deyə keçmişə, o unudulmaz uşaqlığımıza qayıtdıq. Bu təəssürat bitib tükənməz...”
Söhbətləşdi: Mina RƏŞİD