İkinci Vətən Müharibəsində tarix yazan oğullardan biri də şəhid Xəlil Pənah oğlu Ağayevdir. Bu gün doğum günü olan qəhrəman şəhidimiz 1998-ci il dekabrın 7-də Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Kənddə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Xəlil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Xəlil Ağayev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz dünyaya göz açdığı Cəlilabad rayonunun Zopun kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xəlil Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü " medalları ilə təltif edilib.
Xəlil şəhadətə ucalanda cəmi 21 yaşı vardı. O, Azərbaycanın Zəfər salnaməsinə qanıyla öz imzasını ataraq hər kəsin doğmasına, əziz övladına çevrildi. Onunla hamı fəxr edir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman oğlan!
Mina RƏŞİD