20.04.2026, 18:49
AZ EN
20.04.2026, 17:08 62

Azad olunmuş ərazilərdə yaylaq mövsümünə hazırlıq başlayıb

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində fermerlərin heyvandarlıq təsərrüfatları və arı ailələrinin yaylaq sahələrinə köçü bu il də davam etdiriləcək. Bu prosesin daha şəffaf və sistemli həyata keçirilməsi məqsədilə artıq bir neçə ildir qeydiyyat prosedurları elektronlaşdırılıb,  köçlə bağlı qaydalar müəyyənləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Vətən səsi"nin sorğusuna cavab olaraq bildirilib ki, bu il də üçün fermerlərin işğaldan azad olunmuş ərazilərə köçü ilə bağlı qeydiyyat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə (eagro.az) elektron qaydada həyata keçirilir. Artıq qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılıb. Təsərrüfatlarını həmin ərazilərdəki yaylaqlara aparmaq istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək qeydiyyatdan keçiblər.

Nazirlikdə bildirirlər ki, fermerlərə yaylaq sahəsi onların portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq. 2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir. Fermerlərin köç portalına daxil etdikləri məlumatların tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək. Fermerlərə portalda qeydiyyat zamanı göstərdikləri mobil nömrəyə köç tarixinə dair SMS bildirişi göndəriləcək.

Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tövsiyə olunur.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

Nazirlikdən verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, budəfəki yaylaq mövsümündə də işğaldan azad edilmiş ərazilərə köçmək istəyən fermerlər üçün iribuynuzlu heyvanlar üçün say məhdudiyyəti tətbiq olunacaq. Belə ki,  yaylaqlara köç üçün heyvandarlıq təsərrüfatında xırdabuynuzlu heyvanların minimum say həddi 200 baş olmalıdır. Köç zamanı 1/10 nisbətində iribuynuzlu heyvanın aparılmasına icazə verilir.

Azad olunmuş ərazilərdəki yaylaqlara köç edən heyvandarlıq təsərrüfatlarının qış aylarında da həmin ərazilərdə qalmasına icazə verilmir. Arıçılıq təsərrüfatları isə fermerin müraciəti əsasında qış mövsümündə də həmin ərazidə saxlanıla bilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər