17.12.2025, 14:17
AZ EN
17.12.2025, 12:30 208

Qərbi Azərbaycanın folkloruna həsr edilmiş II respublika elmi konfransı keçiriləcək

XƏBƏRLƏR
  • AMEA Folklor İnstitutunun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabata həsr olunmuş Elmi şuranın iclası keçirilib.

Hesabat iclasında institutun Elmi şurasının üzvləri, o cümlədən təhkim olunan şəxs qismində Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadə və AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Mahmud iştirak ediblər. Hesabatı AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev təqdim edib.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Böyük Qayıdışa dair Dövlət proqramı”na uyğun olaraq Folklor İnstitutu Qarabağın və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsinin toplanması, tədqiqi və nəşri sahəsində bir sıra mühüm işlər həyata keçirib. Hikmət Quliyevin sözlərinə görə, cari ildə İnstitutda “Zəngəzur folkloru: poetik sözdən sosial mənaya”,  “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri”, Salman Mümtazın “Aşıq Abdulla” kitabları nəşr olunub. Eyni zamanda cari ildə XI Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın təşkilatçılığı ilə keçirilən “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə Folklor İnstitutu tərəfindən 20-dən çox kitab sərgilənib. Eləcə də Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində Folklor İnstitutu və AMEA Humanitar Elmlər Bölməsi tərəfindən “Laçın: mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya təşkil olunub.

2025-ci ildə Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsi istiqamətində həyata keçirilən layihələrə də diqqət çəkən Hikmət Quliyev bildirib ki, son illərdə institutun ən mühüm fəaliyyət istiqamətlərindən biri də Qərbi Azərbaycan folklorunun toplanması və təhlilinə dair aparılan geniş miqyaslı tədqiqatlar olub. O, qeyd edib ki, respublikanın müxtəlif bölgələrində yaşayan Qərbi azərbaycanlılardan çoxsaylı folklor nümunələri toplanaraq “Qərbi Azərbaycan folkloru” seriyasının 5 və 6-cı cildləri nəşr olunub.

İclasda AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransına hazırlığın vəziyyəti barədə məlumat verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər