17.12.2025, 16:03
AZ EN
17.12.2025, 13:09 92

Viranlıqdan dirçəlişə: Üzeyir bəyin Şuşadakı evi

QARABAĞ
  • Qarabağın tarixi tikililərindən biri də dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin Şuşadakı evidir.

Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişəndən sonra Azərbaycan SSRİ Nazirlər Soveti onun adının əbədiləşdirilməsi məqsədilə Bakıda və Şuşada ev-muzeylərinin yaradılması ilə bağlı qərar qəbul edib. Şuşadakı ev-muzeyi 1959-cu ildə fəaliyyətə başlayıb.

Üzeyir bəyin Şuşadakı ev-muzeyi ilk vaxtlar 4 otaqdan ibarət olub. Sonradan bəstəkarın 100 illik yubileyi ilə əlaqədar 1985-ci ildə muzey genişləndirilib, bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrilib.

1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra muzeyin binası dağıdılıb, 1600-ə yaxın eksponatı isə məhv edilib. Dahi bəstəkarın yalnız 136 şəxsi əşyasını xilas etmək mümkün olub. Müzəffər Ordumuzun Vətən müharibəsində tarixi qələbəsindən sonra bir sıra tikililər kimi Üzeyir Hacıbəylinin Şuşadakı evi də əsaslı şəkildə təmir edilib. Ötən il sentyabrın 19-da Prezidenti İlham Əliyevin iştirakı ilə Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı olub.

Xatırladaqk ki, tarixi abidələrimizin, rəmzi dəyərlərimizin bərpası Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun prioritet istiqamətlərindən birini təşkil edir. Fond işğaldan azad edilmiş ərazilərdə mədəni irsimizin bərpası ilə bağlı da bir çox layihələrə maliyyə dəstəyini göstərir.

Oxşar xəbərlər